XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

05 Aprel 2015 - 04:59

Keçmiş müvasatçı Arif Hacılı barədə şok ittihamlar irəli sürdü

Onun dediklərini partiyanın Suraxanı rayon təşkilatının sədri də təsdiqlədi

“Bir vaxtlar Arif Hacılı İsa Qəmbəri ikiüzlülükdə və xəyanətdə günahlandırırdı. İndi isə özü onun buyruq quluna çevrilib”.

Bunu Strateq.az-a Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev bildirib. Əməkdaşımızla söhbətində Rüfət bəy bir neçə il bundan əvvəl baş vermiş bir hadisəni nəql edərkən məlum ittihamı irəli sürüb. Keçmiş müsavatçının dediyinə görə, Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirliylə bərabər 2011-ci ildə həbsdə yatan Arif Hacılının ziyarətinə gediblər. Həbsxana mühitindən sıxılan, psixoloji sarsıntılar keçirən Arif Hacılı partiya yoldaşlarına başqandan xeyli giley-güzar edib. Həbsdən azad olunmasında yeganə yolun partiya başqanı statusuna yiyələnməkdən keçdiyini deyən Arif bəy İsa Qəmbərin bu məsələdə özünü yaxşı aparmadığını, sözünə xilaf çıxdığını dilə gətirib. Daha sonra Rüfət Əliyev deyib:

“O zaman Arif bəy deyirdi ki, sabiq başqanda siyasi qısqanclıq hissi olduqca güclüdür. Məhz bu hissə görə, mənasız bəhanələrlə qurultayı yubadır, siyasi məhbusların azadlığa çıxmasını istəmir. üzvlərinə əvvəl mitinq keçirtdirib onu əvəz edə biləcək fiqurların həbsə düşməsinə şərait yaradır, daha sonra onları müdafiəsiz buraxır. Arif Hacılıya görə, İsa Qəmbər də, Əli Kərimli də bu xətti tutmaqla düşmən dəyirmanına su tökür, demokratik qüvvələrə xəyanət edirlər. O, həmçinin deyirdi ki, İsa Qəmbər qorxaqdır. Qorxaqlığının ucbatından prezident olmaq şansını itirdi. İndi isə başqan postunu əlindən vermək istəmir. İsa Qəmbər haqqında hətta daha ağır sözlər deyən bir adamın indi onun yerində oturması və özünü ən sadiq isaqəmbərçi kimi aparması ikrah hissi doğurur”.

Rüfət Əliyevin fikrincə, Müsavat Partiyası kimi köklü, tarixi bir partiyaya rəhbərlik edənlər Məmməd Əmin Rəsulzadə əxlaqında olmalıdır, nə yazıq ki, gündə bir mövqe dəyişən yeni başqan və onun başqanlığına razı olan keçmiş başqan bu xüsusiyyətlərdən yoxsuldurlar. “Əslində belə adamların Azərbaycan Demokratik Cümhuriyyətinin yadigarı olan bir təşkilatın rəhbərliyinə gətirilməsi də təsadüfi deyil. Məqsəd, müsavatçılığı gözdən salmaq, milli-azadlıq məfkurəmizə cəmiyyətimizdə ikrah hissi yaratmaqdır. Sovet hakimiyyətinin 70 ildə edə bilmədiklərini İsa Qəmbər və Arif Hacılı cütlüyü qısa müddət ərzində həyata keçirə bildi. İndi nəinki ictimaiyyət, hətta ən sadiq müsavatçılar belə bu partiyadan üz döndəriblər. Partiya Hacılı qardaşlarının ixtiyarına qalıb, ümummilli partiyadan ailə təsərrüfatına çevrilib”.

Sabiq müsavatçı açıqlamasının bu yerində Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin bostanına daş atmağı da unutmadı: “Arif bəy həbsdə yatanda biz maddi yardım məqsədilə onun qardaşı Mustafa Hacıbəyliyə pul verirdik. Mustafa bəy hər dəfə bizə bunu İsa Qəmbərin etməli olduğunu deyir və əlavə edirdi ki, Arif Hacılı türmədədir, İsanın heç vecinə deyil. O, azadlıqda, öz kefindədir. Rövşən Dəmirli də buna şahiddir”.

Məsləkcə həkim olan Rüfət Əliyev o zaman Hacılı qardaşlarının bu sözlərini eşidəndə ürəyinin bulandığını da gizlətmədi. Onun fikrincə, bütün siyasi adamların yolu türmədən düşə bilər: “Siyasi liderlər hər zaman buna hazır olmalıdırlar. Mövcud rejim qurulandan bəri dəfələrlə həbsə məruz qalan Qurban Məmmədov nümunəsi var. Siyasi liderlik iddiası belə ortaya qoymayan, hər hansı partiyanın sədrliyinə gəlmək istəməyən Qurban bəy bütün əziyyətlərinə baxmayaraq, öz mövqeyindən bir addım belə geri çəkilmədi. Yaxud heç birimizin bəyənmədiyi Əli İnsanovu götürək. İllərlə həbsxanada yatsa da, yaşı xeyli ötmüş bu adam, sözün həqiqi mənasında, dəyanət nümayiş etdirir. Oturub-duranda heç kimi bəyənməyən Arif Hacılının o zamankı halı isə çox acınacaqlı idi. Mən onunla görüşdüyüm zaman keçirdiyi psixoloji durumu görür, bir həkim kimi narahat olurdum. Uzun müddət həbsdə yatarsa, zehnində problemlər yaranacağını düşünürdüm. İndi də Allaha şükür edirəm ki, onu həbsdən tez buraxdılar. Səbəb nə olursa olsun… Amma bu cür zəif təbiətli adamın başqan olmağa mənəvi haqqı çatırmı?”

Rüfət bəyin özünə şahid tutduğu Rövşən Dəmirlinin ittihamlara münasibətini öyrənmək istədik. Hər iki faktı Müsavatın Suraxanı rayon təşkilatının sədri də təsdiqlədi.