XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

08 İyun 2017 - 05:00

FTB-nin sabiq direktoru Tramp üçün başağrısına çevrilir –Ceyms Kominin prezident əleyhinə ifadələri yayıldı

FTB-nin keçmiş direktoru Ceyms Komi deyir ki, prezident Tramp ondan loyallıq tələb edib və özünün milli təhlükəsizlik müşavirinin Rusiya rəsmiləri ilə əlaqələrinə dair cinayət təhqiqatını dayandırması üçün ona təzyiq göstərib.

AzadlıqRadiosunun məqaləsində deyilir ki, Kominin bu yazılı ifadəsi iyunun 7-də Senatın Kəşfiyyat Komitəsi tərəfindən açıqlanıb. Ceyms Komi komitə qarşısında iyunun 8-də ifadə verməlidir.

Bu qeydlər Trampın öz milli təhlükəsizlik müşaviri Maykl Flinnə dair FTB təhqiqatına müdaxilə etdiyi barədə bu yaxınlarda yayılmış bir neçə səs-küylü mətbuat xəbərləri ilə səsləşir.

Flinn yeni postunda heç bir ay da oturmadan, fevralın 13-də Ağ Ev rəsmilərinə özünün Rusiya rəsmiləri ilə təmasları barədə yanlış məlumat verdiyinə görə, vəzifədən kənarlaşdırılıb.

Yazılı ifadəsində Ceyms Komi bildirir ki, yanvarın 27-də Trampla etdiyi şəxsi şam yeməyi zamanı prezident ondan FTB direktoru olaraq qalmaq istəyib-istəmədiyini soruşub. Komini bu vəzifəyə Barak Obama təyin etmişdi.

Ceyms Komi yazır ki, cavabında özünün 10 illik müddətini tam şəkildə başa vurmaq istədiyini deyib və “siyasi baxımdan heç kimin tərəfində olmadığını” bildirib.

Kominin dediyinə görə, Tramp ona deyib ki, “mənə loyallıq lazımdır, mən loyallııq gözləyirəm”. Komi bunun cavabında özünün təmizliyini təklif etdiyini deyib.

Tramp bundan sonra deyib ki, o, “təmiz loyallıq” istəyir. Komi bu dəfə deyib: “Siz məndən bunu görəcəksiniz”.

Fevralın 14-də Ağ Evdə keçirilən görüşdə Tramp büronun Flinnə dair təhqiqatı məsələsində Komiyə təzyiq göstərib: "Mən ümid edirəm ki, Flinn məsələsinin başa çatması üçün çıxış yolunu görürsünüz. O, yaxşı oğlandır”.

Daha sonra Komi yazılı ifadəsində bildirir: "Mən başa düşmüşdüm ki, prezident Flinnin dekabr ayında Rusiya səfiri ilə söhbətinə dair verdiyi yanlış məlumatla bağlı bizim təhqiqatımıza xitam verilməsini rica edir”.

Tramp Komini mayın 9-da vəzifəsindən azad edib və bununla da Vaşinqtonu silkələyərək öz prezidentliyinə şübhə kölgəsi salıb.

Yazılı ifadəsində Komi həmçinin bildirir ki, Tramp özünün federal təhqiqat altında olmadığı barədə açıq bəyanat verməsi üçün ona təzyiq göstərib. Martın 30-da telefon zəngi zamanı Tramp Komidən onun üzərindəki bu “buludu necə qaldırmağın” lazım olduğunu soruşub.

Komi yazır: “Mən cavab verdim ki, biz bu Rusiya məsələsini mümkün qədər tez araşdırmağa çalışırıq və biz bu yaxşı işin nəticəsində heç nə tapa bilməsək, hamı üçün böyük bir fayda olacaq”.

Keçmiş FTB rəhbəri yazır: “O razılaşdı, lakin sonra bunun onun üçün yaratdığı problemlər məsələsini bir daha vurğuladı”.