XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

05 Aprel 2015 - 18:32

Prezident İlham Əliyev və xanımı Səudiyyə Ərəbistanında! – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gediblər. Prezident İlham Əliyevi və xanımını İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşılayıb, Azərbaycanın və Səudiyyə Ərəbistanın dövlət himnləri səslənib. Daha sonra İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Ziyafətdən sonra prezident İlham Əliyev və İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud arasında görüş olub.

Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib. İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyinin və bir-birinə qarşılıqlı dəstək verdiyinin qeyd olunduğu görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.

***
Aprelin 5-də Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Söhbət zamanı neft və kimya sənayesi, neft-qaz, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, Səudiyyə Ərəbistanına və üçüncü ölkələrə ixracı imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın və Səudiyyə Ərəbistanının neft-kimya sənayesi şirkətləri arasında görüşlərin keçirilməsi ilə bu sahədə əməkdaşlıq imkanlarının araşdırılması məsələsi müzakirə olunub.

***

Daha sonra Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub.

Görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edildi, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulanıb, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparılıb.