XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

13 İyun 2017 - 16:41

Baş Prokurorluq da deputatı təkzib etdi:"Belə məlumatlar ictimai rəyi çaşdırmaq məqsədi güdür"

Azərbaycan Respublikası Baş Prokurorluğu jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı deputat Elman Nəsirlinin mətbuata verdiyi açıqlama haqda bu gün xüsusi bəyanatla çıxış edib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a daxil olan bəyanatda deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirovun Muxtarlı Əfqan Sabir oğlunun guya Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir:

"Bəyan edirik ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməyib və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmayıb.

Əvvəllər də bildirildiyi kimi, ilkin istintaq araşdırmalarına əsasən Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ə.Muxtarlının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində tutularaq Azərbaycan tərəfinə təhvil verilməsi barədə ayrı-ayrı kütləvi informasiya vasitələrində yaydığı məlumatlar uydurma xarakter daşıyır və ictimai rəyi çaşdırmaq məqsədi güdür”.

Bəyanatda o da qeyd olunub ki, hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilir və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaqla Ə.Muxtarlının əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.

Xatırladaq ki, bundan qabaq Gürcüstan DTX-si də deputat Elman Nəsirovun Əfqan Muxtarlının həbsinin Azərbaycan və Gürcüstan xüsusi xidmət orqanlarının birgə əməliyyatı olması haqda söylədiklərini təkzib edən bəyanat yaymışdı. 

Strateq.az