XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 18:30

“Ədalət Partiyası əslində Amerika kəşf etməyib”-Heydər Oğuz

Ədalət Partiyasının Hüquq komissiyası seçki cinayətləri barədə təklif hazırlayıb. Təklif seçkilərin saxtalaşdırılmasında iştirak edənlərin ağır şəkildə cəzalandırılmasını nəzərdə tutur.

Bu barədə məlumatı Strateq.az-a Ədalət Partiyasının sədr müavini Heydər Oğuz verib. Heydər Oğuzun bildirdiyinə görə, partiyalarını bu addımı atmağa məcbur edən əsas məsələ indiyə qədər keçirilən əksər seçkilərdə müşaiyyət olunan seçki saxtakarlığının qarşısının alınmasıdır: “Mahiyyət etibarilə, hakimiyyətin qəsb edilməsi kimi tövsif ediləcək seçkilərin saxtalaşdırması faktlarına, adətən, Azərbaycan məhkəmə sistemləri 300, 400 manat cərimə cəzası verir, ya da ümumiyyətlə cəzalandırmır. Səbəb bu əməllərin Cinayət Məcəlləsində yüngül cinayətlər katteqoriyasına aid edilməsi, hətta inzibatı xəta sayılmasıdır”.

Seçki saxtakarlığına yanaşmada Konstitusiya ilə CM-si arasında təzad olduğunu bildirən Ədalət yetkilisi bunun özbaşınalığa yol açdığını və qanunun çəkindirmə gücünü azaltdığını düşünür: “Bu isə məlum cinayət hallarını nəinki azaltmır, əksinə onu, sanki, təşviq edir. Halbuki, hakimiyyətin qəsb olunması hətta ölkə Konstitusiyasına düşən ən ağır cinayətlərdən hesab olunur. Konstitusiyanın 6-cı maddəsində açıq-aşkar şəkildə ən ağır dövləti cinayət hesab olunan əmələ bu qədər az cəza kəsilməsi, əlbəttə, ədalətli deyil. İcazəsiz siyasi aksiya keçirənlərin cəzası belə seçkiləri saxtalaşdıranlardan daha ağırdır”.

Qanunların ədalətliliyini istənilən dövlətin bəqası üçün olmazsa olmazlardan sayan Heydər Oğuz bu təzadın aradan qaldırılmasının vacibliyinə inanır və belə vəziyyətlərdə Konstitusiyanın əsas götürüldüyünü bildirir: “Odur ki, Ədalət Partiyasının irəli sürdüyü təklif əslində Amerikanın yenidən kəşf olunması deyil. Ən elementar hüquqi savadı olan adam partiyamızın haqlı olduğunu təsdiqləyər. Hesab edirəm ki, Milli Məclis üzvləri də bu məsələyə ədalət çərçivəsində baxacaq və haqq öz yerini tutacaq”.

Partiya funksioneri xüsusilə seçki ilində xeyli önəm qazanan bu məsələylə bağlı Konstitusiya Məhkəməsinə müraicət edəcəklərini dedi.

Onun redaksiyamıza təqdim etdiyi həmin sənədi oxucularımızın ixtiyarına veririk:

Seçki saxtakarlığına qarşı sanksiyaların ağırlaşdırılması ilə bağlı təklif

Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsində hakimiyyətin mənimsənilməsinə yol verilməməsindən bəhs edilir. Həmin maddənin I bəndinə əsasən, Azərbaycan xalqının heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. 6-cı maddənin II bəndində deyilir ki, hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.

Konstitusiyanın 56-cı maddəsində isə seçki hüququ haqqındadır. Həmin maddənin I bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə, referendumda iştirak etmək hüququ vardır.

Əsas Qanunun 83-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə, 101-ci maddəsinin I bəndinə əsasən isə Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Göründüyü kimi, Konstitusiyada qanunverici və icra hakimiyyəti orqanı üzvləri və başçısının ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə formalaşdırılması təsbit edilmişdir və hüququn pozulması cinayət məsuliyyəti yaradır.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində seçki cinayətləri ilə bağlı, daha doğrusu, seçki hüququnun həyata keçirilməsi ilə bağlı yaranan ictimai münasibətləri tənzimləyən 5 maddə – 159, 159-1, 160, 161 və 308.2 vardır (Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6-cı fəslində ( siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar ) fəslində 39-48-ci maddələrdə seçki hüquqlarının pozulması ilə bağlı inzibati məsuliyyəti nəzərdə tutan normalar da yer almışdır).

Qeyd edək ki, 159-cu maddə: Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma – vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma, vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə mane olma;

159-1-ci maddə: seçkilərdə (referendumda) iştirak qaydalarını pozma – namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma, seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma və seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma;

160-cı maddə: Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə – seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə;

161-ci maddə: Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma – Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması

və nəhayət,

308.2-ci maddə: vəzifə səlahiyyətlərindən sui-istifadə – … seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilməsini nəzərdə tutur.

Azərbaycan Respublikası CM-nin 15-ci maddəsində cinayətlərin təsnifatı verilir və orada cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq 4 (dörd) növü təsnifləşdirilir:

1) böyük ictimai təhlükə törətməyən,

2) az ağır,

3) ağır,

4) xüsusilə ağır cinayətlər.

Böyük ictimai təhlükə törətməyən cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 il, az ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 7 il, ağır cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 12 il və nəhayət, xüsusilə ağır cinayətlərə görə 12 ildən artıq azadlıqdan məhrum etmə cə
zası və ya daha ağır cəza nəzərdə tutulur.

Azərbaycan Respublikasının CM-nin ( “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər“) fəslində (21-ci fəsil) yer almış 159, 159-1, 160, 161 və “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” fəslində (33 fəsil) yer almış 308.2-ci maddəsi böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kateqoriyasına aiddir.

Daha dəqiqi, 159-cu maddənin tövsifedici əlamətlərini (ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə – 159.4.1; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -159.4.2; və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -159.4.3) çıxmaq şərtilə, dörd maddə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, həmin maddələrin sanksiyaları altenativ sanksiyalı olmaqla, cərimə və ya ictimai işlər və yaxud maksimum 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Yeganə istisna, deyildiyi kimi, 159-cu maddənin ağırlaşdırıcı üç bəndidir – 159.4.1, 159.4.2 və 159.4.3 – ki, az ağır cinayətlər kateroqiyasına aid olmaqla 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə, 3 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Seçki cinayətləri ilə bağlı Azərbaycan Respublikası CM-də nəzərdə tutulan sonuncu – 308.2-ci maddə- qeyd edildiyi kimi, az ağır və ağır cinayətlər kateqoriyasına aiddir və həmin maddənin sanksiyasına 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur.

Cinayət Məcəlləsinin 159, 159-1, 160 və 161-ci maddələrində nəzərdə tutulan cinayət hüquq norması blanket xarakterli olduğundan bu cinayətklərin törədilməsi mexanizmi AR Konstitusiyasının, Prezidentinin, Milli Məclis deputatlarının, bələdiyyə üzvlərinin, habelə referendumun keçirilməsini tənzim edən 3 iyun 2003-cü il tarixli Seçki Məcəlləsinin, MSK-nın qəbul etdiyi təlimatların və s. normativ hüquqi aktların müddəalarını ehtiva edir.

Bu cuinayətlərin ictimai təhülükəliliyi bütövlükdə seçkilərdə (referendumlarda) seçicilərin, namizədlərin, partiyaların, siyasi partiya bloklarının seçki kampaniyalarına müdaxilələr etməklə və ya onu pozmaqla seçki hüquqularının həyata keçirilməsinə, seçkili dövlət və yerli özünüidarə orqanlarının xalqın iradəsinə uyğun formalaşdırılmasına ciddi maneələr yaradır və sonucda bir sıra hallarda Azərbaycan Respublikasının Konstitusiyasının 6-cı maddəsində deyildiyi kimi hakimiyyətin mənimsənilməsinə gətirib çıxarır.

Hesab edirik ki, bu baxımdan Azərbaycan Respublikaının Cinayət Məcəlləsinin 159, 159-1, 160, 161 və 308.2-ci maddələrinə dəyişiklik edilməklə həmin maddələrdə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə cinayət məsuliyyəti sərtləşdirilməli, ən azı ağır cinayət hesab edilməlidir.

Ədalət Partiyasının Hüquq komissiyası”