XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

04 İyul 2017 - 13:36

“Dövlət məmuruyam, işgüzar münasibətlərim ola bilməz” –Səfirdən öldürülən iş adamı haqda açıqlama

Çexiyada qətlə yetirilmiş azərbaycanlı iş adamı Rəşad Qafarovun cənazəsinin iyulun 12-də Azərbaycana göndərilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bildirib.

F. Şəfiyevin sözlərinə görə, cənazənin Azərbaycana gətirilməsi ilə bağlı mərhumun ailəsinə konsulluq yardımı göstərilir.

Səfir qeyd edib ki, azərbaycanlı biznesmenin ölümün səbəbləri barədə onlara hələlik rəsmi məlumat verilməyib: “Polis tərəfindən şifahi şəkildə bildirilib ki, onun öldürüldüyü güman edilir. Məhkəmə tibbi ekspertizanın rəsmi nəticələri də hələ yoxdur.

Rəşad Qafarov 2008-ci ildən burada xüsusilə yükdaşıma və nar şirəsinin satışının təşkili işi ilə məşğul idi. 2015-ci ildə onun “Panalpina” şirkəti ilə problemi yaranmışdı. Azərbaycanda məhkəmə də olmuşdu. Lakin bu məsələ sonradan həll olundu, tərəflər razılığa gəldi. Rəşad Qafarov Azərbaycanın Çexiyadakı diasporunda da nüfuza və müsbət imicə malik idi”.

Fərid Şəfiyev Raşad Qafarovla işgüzar münasibətlərinin olması barədə məlumatlara da münasibət bildirib: “Bu xəbərlər böhtan xarakteri daşıyır. Mən dövlət məmuruyam, işgüzar münasibətlərim ola bilməz. Bu məlumatlar istintaqa mənfi təsir göstərir. Çünki mənbəyi açıqlanmır. Onun bütün biznes tərəfdaşları Çexiyada məlumdur. Bu məlumatları açıq şəkildə internetdən də əldə etmək olar. Azərbaycanda da hansı şirkətlərlə işlədiyi məlumdur. Ona görə də hesab edirəm ki, bu, istintaqı yayındırmaq məqsədi ilə yayılan məlumatdır. Bu böhtanla bağlı ölçü götürülməlidir”.

Qeyd edək ki, ötən gün Çexiyanın "Nova TV" televiziyası azərbaycanlı iş adamı, “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarovun maşınında ölü tapıldığı barədə məlumat yayıb.

Onun üzərində bıçaq xəsarətlərinin olduğu deyilir.

APA