Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusu (ASO) Suriyada PKK/YPG-nin nəzarətində olan Afrinin azad edilməsi üçün böyük hərbi əməliyyata hazırlığı yekunlaşdırmaq üzrədir.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Afrinin Telrıfat bölgəsindən Türkiyəni təhdid edən PKK/YPG qruplaşmasına qarşı sərhədə əlavə xeyli tank və toplar gətirilib: "Bundan əlavə, ərəb və türkmənlərdən ibarət olan 4 min nəfərlik Azad Suriya Ordusunun silahlıları da hazırlıq səviyyəsinə gətirilib. YPG-nin nəzarətində olan Afrini azad etməyə hazırlaşan Türkiyə ordusu və ASO-nun rəhbərliyi bir araya gəlib, hücumla bağlı detallı müzakirə aparıblar. Artıq strateji nöqtələrə yerləşdirilən ASO silahlıları Suriyanın Azez və Mare ərazilərindən hücuma tam hazır vəziyyətindədir. Hər an Türkiyə ordusu ASO ilə birlikdə Afrinə bir neçə istiqamətdən qəfil hücuma keçə bilər".
Məlumata görə, dünəndən Türkiyə hərbi təyyarə və PUA-ları Afrində kəşfiyyat uçuşları həyata keçirərək, YPG-nin texnikasının cəmləşdiyi nöqtələri dəqiqliklə müəyyən edir:
"Türkiyə ordusunun qəfil hücum planı hər keçən gün YPG-ni nə qədər qorxuya salsa da, onlar da tədbirsiz davranmır. Terrorçular da Afrinə ətraf ərazilərdən əlavə qüvvələr gətirməyə başlayıb. Üstəlik, qruplaşma rəhbərliyi Türkiyənin Afrinə girəcəyi halda, Rəqqa əməliyyatında iştirak edən silahlılarını geri çəkərək, bu şəhəri qorumağa çalışacaqlarını bəyan edib. Bununla YPG bir yandan ABŞ-a "Türkiyəni dayandırın" mesajını verirsə, digər yandan da Afrinin bu qruplaşma üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Çünki YPG Afrinlə Kobani arasındakı ərazini də ələ keçirib, Türkiyə sərhədi boyunca "kürd dəhlizi"ni tamamlamaq istəyir. Türkiyə bunu bilir və dəfələrlə vurğuladığı kimi, buna bütün hallarda imkan verməyəcəklərini bəyan edib".
Diqqətçəkən digər bir məlumata görə isə, savaşın hər an başlayacağı bir məqamda Rusiya və İran yetklilərindən ibarət hərbi bir qrup Afrinə gələrək, YPG-dən şəhərə bağlı olan 12 ərəb kəndini, o cümlədən Telrıfat və Minniqdəki hərbi bazanı Əsəd rejiminə təslim edilməsini istəyib:
"Hətta onların YPG-dən şəhərin tamam ilə boşaldılmasını tələb etdiyi haqda da xəbər yayılıb. Lakin YPG-nin ötən iki gündə Afrinə əlavə xeyli qüvvə yığması göstərir ki, qruplaşma Əsəd rejiminin müdafiəçisi olan Rusiya və İranın nümayəndə heyətinin tələblərini də rədd edib".
Onu da qeyd edək ki, Suriyada savaş başlamadan əvvəl Afrində 800 min əhali yaşayıb. Onların hazırda 500 mindən çoxunun şəhəri tərk edərək, ətraf bölgələrə yerləşdiyi bildirilir.
Strateq.az