XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2015 - 10:41

Xəzərdəki bütün gəmilərə “SOS!” siqnalı – İtkin düşən 29 nəfər axtarılır!

“Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə yanğın baş verən zaman platformada 63 nəfər olub. Hazırda onlardan 29-nun axtarışları davam etdirilir.

azərtag.az xəbər verir ki, bu sözləri baş vermiş hadisə ilə bağlı dekabrın 6-da keçirilən mətbuat konfransında SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Vitse-prezident bildirib ki, həmin işçilər arasında təmir-tikinti işləri görən şəxslər də olub.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov isə qeyd edib ki, hadisə baş verən zaman platformada hər biri 42 nəfərlik 4 qayıq olub. Həmin qayıqlardan ikisindən istifadə edilməyib. Hadisə zamanı dənizə düşən qayıqdakı şəxslərdən üçü xilas edilib, birinin isə cənazəsi sudan çıxarılıb.

Axtarışları davam etdirilən 29 nəfər barədə qonşu ölkələrin sərhəd qurumlarına da məlumat verilib.

Hazırda DSX-nin 7, FHN-in isə 4 helikopteri və digər qüvvələr axtarış aparırlar. Dekabrın 5-də helikopterlə altı dəfə cəhd edilsə də, yanan platformaya enmək mümkün olmayıb. Bu, ən son cəhddə mümkün olub və platformanın döşəməsi kəsildikdən sonra qayıqdakı işçilər təxliyə ediliblər.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib ki, həmin əməliyyat zamanı qayıqdan 27, platformadan isə 3 nəfər xilas olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Sonra xilasetmə əməliyyatları barədə son vəziyyətlə bağlı telefon əlaqəsi yaradılıb. Son məlumata görə, helikopter tərəfindən hadisə yerindən 40 kilometr məsafədə müəyyən əşyalar aşkar olunub. Həmin əraziyə FHN-in gəmiləri göndərilib. İranın və Türkmənistanın sahil mühafizə qüvvələrinə və dənizdəki bütün gəmilərə 29 nəfərin axtarışı barədə məlumat verilib. Daha sonra axtarış-xilasetmə işləri barədə görüntülər nümayiş etdirilib.