XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 10:48

Rəsul Quliyev hökumətin enerji siyasətini tənqid etdi:"Heç öz əhalisini qazla təmin etmək iqtidarında deyil..."

Gürcüstanın rəsmi dairələri və onlara yaxın informasiya kanalları dünyanı həyəcana gətirən xəbər yaydılar. Məlumata görə, rus ordusu Gürcüstanın Kaspi rayonunun Karapila kəndini ələ keçirib və beləcə, Bakı-Supsa neft kəmərinin bir hissəsi Rusiyanın nəzarəti altına düşüb. Maraqlıdır ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti də bu məlumatı təsdiqləyib.

Rusiyanın ələ keçirdiyi ərazilərin Bakı-Supsa kəməri üzərində yerləşməsi, istər-istəməz, Azərbaycan ictimaiyyətini də ciddi narahat edir. Hər kəsi bu suallar maraqlandırır: görəsən, Bakı-Supsa kəmərinin  Rusiyanın nəzarəti altına düşməsi hansı beynəlxalq reaksiyalar səbəb olacaq? Kəmərin işləməz hala gəlməsi neftdən asılı olan Azərbaycan iqtisadiyyatına nə kimi təsirlər göstərə bilər? Rusiyanın bu aqressiyasının Gürcüstan ərazisindən keçən digər boru xətlərinə, o cümlədən TANAP layihəsinə də yönəlmə ehtimalı varmı?

Bu və bu kimi suallara cavab axtarmaq üçün Azərbaycanın neft strategiyasını dərindən bilən eks-spiker Rəsul Quliyevin mövqeyini öyrənmək qərarına gəldik.

Strateq.az xəbər verir ki, eks-spiker Ovqat.com-a açıqlamasında ilk öncə Bakı-Supsa neft kəmərinin əhəmiyyəti üzərində dayanıb.

Onun bildirdiyinə görə, Bakı-Supsa neft kəməri sovet dövründən qalan boru xəttidir: “Bu boru xətti 1995-ci ildə yeniləşdirilib. Kəmərin maksimum imkanı ildə 7 milyon ton neft nəql etməyə çatır. Neftin hasilatının aşağı düşməsi nəticəsində axırıncı dəfə, -deyəsən, 2015-ci ildə, – bu kəmərlə 2 milyon 400 min ton neft göndərilib”.  

Başqa sözlə desək, kəmər öz potensialının cəmi 3/1 gücüylə işləyir və iqtisadi baxımdan o qədər də mühüm əhəmiyyət kəsb etmir. Bəs, bu qədər cüzi əhəmiyyətə malik kəmərin keçdiyi ərazilərin ilhaqı Rusiyaya hansı dividentlər qazandırır? İqtisadi əhəmiyyəti böyük olmayan bu ilhaqın beynəlxalq aləmdə yaradacağı ajiotaj Moskvaya indi nə üçün lazımdır?

Həmsöhbətimizin fikrincə, Rusiyanın bu kəməri ələ keçirməsi Gürcüstanın rəsmən bəyan etdiyi kimi, bu günün işi deyil və məhz bu səbəbdən də ciddi beynəlxalq ajiotaj yaradacağı gözlənilmir: “Bu kəmərin 1.5 km Cənubi Abxaziyanın ərazisindən keçir, o hissə isə indi yox, 2015-ci ildən rusların nəzarəti altındadır. BP istəsə (operatoru BP-dir), kəmərin həmin 1.5 kilometrlik hissəsini Gürcüstanın ərazisinə keçirdər.  Ancaq Bakı-Ceyhan kəmərinin belə, tam gücü ilə işləmədiyi bir şəraitdə Bakı-Supsa kəmərindən istifadə etmək məntiqsiz olardı”.

Beynəlxalq reaksiyalara gəlincə, Rəsul Quliyevin fikrincə, Rusiyanın o əraziləri ələ keçirməsinə 2008-ci ildən imkan verilib: “Rusiya hərbçilərinin bu ərazidə olması kəmərin ələ keçirilməsi demək deyildir. Əgər Rusiya bu boru kəmərinin onlara məxsus olduğunu və ondan icazə alınmadan burdan neft keçməyəcəyini elan etsə, onda beynəlxalq reaksiyalara məruz qalar. Ola bilər ki, bu reaksiyalar zəif olsun, böyük əhəmiyyət kəsb etməsin”.

Həmsöhbətimiz Rusiyanın Bakı-Ceyhan boru xəttini ilhaq edəcəyinə isə inanmır: “Bakı-Ceyhan boru xəttini təhlükə gözləmir, əgər bununla əlaqədar müəyyən bir aqressiyası olarsa, – şəxsən mən bunu gözləmirəm, – RF çox kəskin beynəlxalq reaksiyalarla üzləşə bilər. Çünki bu, faktiki Gürcüstanın və ya Azərbaycanın ərazilərinin anneksiyası hesabına mümkündür”.

Neft kəməri fəaliyyət qabiliyyətini itirərsə, bunun Azərbaycan iqtisadiyyatına təsiri də, eks-spikerin fikrincə, böyük olmayacaq: “Çünki Azərbaycanın neft ixracına hansısa boru kəməri yox, neft ehtiyatlarının azalması təsir edir və edəcək”.

 Rəsul Quliyev TANAP-ın Rusiyanın enerji siyasətinin əleyhinə yönəldiyi fikriylə də razılaşmır. “Baxmayaraq ki, əvvəllər bu barədə çox danışırdılar. Qərb bunu çox yaxşı başa düşür, ona görə də həmin proyektə təkcə BP və o da yalnız 12 faizlə qoşuldu. Əsas xərc isə Azərbaycan (50%)  və Türkiyənin (30%) üzərinə düşdü. Bu boru 2015-ci ildə işə düşməli idi, hələ də ortada bir şey yoxdur. 2018-ci ildə həmin layihə ilə 14 milyard kub metr qaz nəqli nəzərdə tutulub. Ancaq Azərbaycan haradan tapacaq o qazı, bilmirəm. Bu gun heç öz əhalisinin qaz ehtiyatını belə, axıra qədər təmin etmək iqtidarında deyil. Bu kəmər bizdən başqa, Türkmənistan və Qazaxstanın hesabına 60 millyard kub metr qaz  nəql etməlidir ki, 2022-ci ilə qədər tam gücüylə işləsin. Ancaq nə Qazaxıstan, nə də Türkmənistan bu kəmərə qaz vermək barədə düşünmür. Ona görə də bu kəmərin böyük bir əhəmiyyəti yoxdur, əksinə, o da Bakı-Supsa kimi, işləməyəcək”.

Rəsul Quliyev Azərbaycanın qlobal qaz bazarına oyunçu kimi daxil olması perspektivinə də nikbin yanaşmır: “Bu gün RF ildə 180 milyard kub metrdən çox qaz ixrac edir. Nəzərə alsaq ki, ABŞ 2018-ci ildən 50 milyard kub metr maye qaz və Fransanın “Total” şirkəti isə İranla 5 il müddətində əlavə 60 milyard qaz bazara çıxardacaq, Azərbaycan ildə 14 milyard kub metrlik ixrac potensialıyla oyunçu ola bilməz. Əslində Azərbaycan bu qazla öz ölkəsini təmin etməlidir. Azərbaycan hökümətinin iqtisadi və enerji siyasəti suda batanın saman çöpünə əl atmasına bənzəyir…".