XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2015 - 14:23

21 Azər – Milli Azadlıq Hərəkatının tarix salnaməsidir

21azer.jpg

12 Dekabr  1945-ci il Azərbaycan azadlıq mübarizəsi tarixinə qızıl həriflərlə yazılıb.  Dekabrın 12-də  Milli Hökumətin yaranmasının 70 ili tamam olur.

Mən tarixdə elə bir xalq tanımıram ki, 1 əsrdə 5 dəfə azadlıq uğrunda mübarizəyə qalxsın. Yox, cənablar, belə bir xalq var: Bu, Azərbaycan xalqıdır. 1905-1911-ci illər Səttar xan hərəkatı, 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti, 1920-ci il aprel-sentyabrında Azadistan, 1941-1946-ci illərdə milli demokratik hərəkat, 1988-1992-ci illərdə milli azadlıq mübarizəsi.

Bu yazıda biz Seyid Cəfər Pişəvərinin rəhbərliyi altinda milli hökumətin yaranması və fəailiyyətindən bəhs etmək istəyirik. çünki 21 Azərin nə olduğunu hamı bilmir.

İkinci dünya müharibəsi başlayarkən İran öz bitərəfliyini elan etdi, lakin Rza şah ölkəni alman kəşfiyyatına təslim etmişdi. Buna görə də 1921-ci il Sovet-İran müqaviləsinin 6-ci maddəsinə əsasən, 1941-ci il avqustun 25-də SSRİ, sonra Biritaniya, 1942-ci ilin dekabrında isə ABŞ İrana qoşun yeritdi. Rza şahın hərbi polis rejimi iflasa uğradi, demokratik hərəkat canlandı.

Bu hərəkatın mərkəzi yenə də əvvəlki kimi Cənubi Azərbaycan oldu. Azərbaycanın hər yerində ictimai-siyasi birlik və cəmiyyətlər yaranmağa başladi. Bu işdə Sovet Azərbaycanından göndərilmiş ziyalıların, ədəbiyyat və incəsənət xadimlərinin böyük rolu olmuşdu . Azərbaycan əsgərləri üçün Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzeti milli şüurun oyanmasında müstəsna rol oynadi. 1942-1944-cü illərdə bir çox nüfuzlu qəzetlər Azərbaycan dilində çıxmağa başladi. Milli demokratik hərəkatın qarşısını almaq üçün yerlərdə təxribatlar törədilməyə başlandı. Bu təxribatlarin qarşısını almaq üçün milli fədai dəstələrinin yaradılması qərara alındı. Azərbaycanın tanınmış demokratlarından bir qrup, başda Seyid Cəfər Pişəvəri olmaqla, Azərbaycan Demokratik Firgəsinin (ADF) yaradılması haqqında bəyanat verdilər.

1945-ci ildə ADF-nın organı olan “Azərbaycan” qəzeti ana dilində çıxmağa başladı. Sentyabrın 13-də konfransda 11 nəfərdən ibarət Müvəqqəti komitə seçildi. Onların proqramında Demokratik İranin tərkibində inzibati-təsərrüfat və mədəni muxtariyyət irəli sürüldü. Bir neçə həftə ərzində minlərlə insan partiya sıralarına daxil oldu.

Hadisələrin belə inkişafına Sovet rəhbərliyi, xüsusilə M.C.Bağırov hər cür kömək edirdi. Bütün bunlar Azərbaycanın bütövləşməsinin tarixi reallıq olduğunu ortaya qoyur. 1945-ci ilin 2-4 oktyabrında ADF-nin birinci qurultayında dinc siyasi mübarizə aparmaq və konkret failliyyətə başlamaq haqda qərar qəbul edildi. Noyabrdan başlayaraq Maku, Marağa, Mərənd, Sərab, Ərdəbil, Astara, Zəncan və bir çox yerlərdə hakimiyyət organları yaradıldı. Təbrizdə isə hakimiyyət hələ oktyabrın əvvəllərindən milli qüvvələrin əlinə keçmişdi. Noyabrn 21-də tanınmış xadimlərdən ibarət Xalq Konqresi çağrıldı və özünü Müəssisələr Məclisi elan edərək, seçki yolu ilə Milli Məclisin çagrılması və Milli Hökumət yaradılmasını tələb etdi. 27 noyabr və 1 dekabr tarixlərində Azərbaycanın hər yerində seçkilər keçirildi. 12 dekabrda toplanmış Milli Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı. Bu tarixdə, yəni təqvimlə Azər ayının 21-də baş verdiyi üçün sözügedən əlamətdar gün “21 Azər hərəkatı” kimi qeyd edilir.

Sovet ordusu Cənubi Azərbaycanda olduğu üçün İranın hakim dairələri bunun qarşısını ala bilmirdilər. Milli hökumət yerlərdə yeni inzibati ərazi orqanları yaratdı. 1946-ci ilin fevralında “Aqrar qanun” qəbul edildi, kəndlilərə torpaq verildi. Mayın 12-də isə “Əmək haqqında qanun” qəbul edildi. Hələ yanvarn 16-da “Dil haqqında qanun” qəbul edilmiş, Azərbaycan dili bütün Azərbaycan ərazisində rəsmi dövlət dili elan edilmişdi. 1946-ci ildə Təbriz universiteti təsis edildi. Milli hökumətin uğurları İran hakim dairələrini qorxuya salmışdı. Ona görə də İran hökumətinə basçılıq edən Əhməd Qəvam Milli hökməti boğmaq üçün geniş failiyyətə başladi. O, ABS, İngiltərə və SSRİ arasındakı ziddiyyətlərdən istifadə edərək İran məsələsinə BMT-də baxılmasına nail oldu.

Əhməd Qəvam İngiltərəyə bir cox məsələlərdə güzəştə getdi. Az sonra Moskvaya gedərək Stalinlə görüşdü, SSRİ-yə neft məsələsində güzəştlər verildi. Bundan başqa, ABŞ və İngiltərə ilə SSRİ oz aralarında alver edərək cənub-şərqi Avropada SSRİ-yə güzəştlər verildi, əvəzində Cənubi Azərbaycandan sovet qoşunları çıxarıldı. Bələliklə, Cənubi Azərbaycanın milli demokratik hərəkatını imperiya maraqlarına qurban verdilər. İmperiya maraqları bütov bir xalqın taleyindən üstün tutuldu. Stalinin 1946-ci il mayın 8-də Pişəvəriyə göndərdiyi məktub açıq-aydın hər şeyi ortaya qoyurdu.

1946-ci il dekabrın 1-də İran qoşunları ilə Azərbaycan fədailəri arasında qanlı döyüşlər başlandı. Dekabrın 11-də Pişəvəri yaxın silahdaşlari ilə birlikdə zorla SSRi-yə gətirildi. Mlli hərəkat dekabrın 12-də qan içində boğuldu. ADF və Milli hökumətin rəhbərləri güllələndi, S.C.Pişəvəri isə 1947-ci il iyulun 12-də Gəncə yaxınlığında avtomobil qəzasında öldürüldü.

Cənubi Azərbaycanda milli azadlıq hərəkatı məğlub edilsə də, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu hərəkat xalqın milli varlığı, tarixi və mədəniyyəti, milli kimliyi ideyasını möhkəmlətdi, bütövlük uğrunda mübarizə üçün xalqın qan yaddaşını gücləndirdi.

Bütün bunlar bizi Azərbaycanın bütövlüyü ugrunda mübarizəyə səsləyir.

TANRI AZƏRBAYCAN XALQINA YAR OLSUN!

Nəcəfalı Cahangirli