XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

29 Avqust 2017 - 14:49

Ərdoğanın Bakı səfərindən azərbaycanlı ekspertin gözləntiləri:"Bir-birimizdən başqa dostumuz yoxdur" - TƏHLİL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri planlaşdırılır. Səfərin sentyabrın 10-da reallaşacağı gözlənilir. Bakı səfərindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana gedəcəyi də bildirilir.

Ankara son zamanlar Tehran-Bakı-Moskva üçbucağı ətrafında müəyyən planlar qurur.

Vurğulayaq ki, Türkiyə Azərbaycan münasibətləri yaxın və həm də uzaq dövr üçün xüsusi önəm kəsb edir. Burada xüsusən müdafiə və ya təhlükəsizlik sahəsindəki əməkdaşlığı önə çəkmək olar.

Ərdoğanın Tehran və Bakı səfərlərinin ən müxtəlif səbəbləri ola bilər. Nəzərə almaq lazımdır ki, ABŞ PKK üçün “Kürdüstan” dövləti formalaşdırmaq niyyətindədir. Üstəlik, Türkiyənin böyük siyasətdəki son duruma münasibəti istər-istəməz Bakının da siyasətinə təsir edə bilir. Ehtimal etmək olar ki, Türkiyə Rusiyaya və İrana qarşı sanksiyalarda iştirak etməyəcək. Eyni zamanda, Türkiyə-Rusiya münasibətləri indiyədək Dağlıq Qarabağla bağlı da müəyyən ümidlər yaradır. Rusiya isə MDB məkanını öz təsir dairəsindən vermək istəmir və bu müstəvidə Ankara ilə münasibətlərində gərginlik yaranır. Onu da unutmaq olmaz ki, Türkiyə və Rusiya tarixi rəqiblərdir.

Məlumatlara görə, Ərdoğanın Bakı səfəri zamanı Türkiyə və Azərbaycan arasında hərbi birləşmələrin formalaşdırılması məsələsi müzakirə ediləcək. Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçirilir. Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. İndi isə daha sıx hərbi əməkdaşlıq nəzərdə tutulur. Ötən birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edirdi.

Ankara və Bakı arasında hərbi əməkdaşlıq sadə dövrə təsadüf etmir. Bölgədə vəziyyət xeyli dərəcədə gərgindir. Rusiya əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. SSRİ-ni bərpa etmək niyyətində olan Rusiya dünyadakı nizamı da qarışdırmağa cəhd göstərir. Lakin bütün bunların fonunda Moskva Ankara ilə münasibətlərini sahmana salmaq niyyətindədir. Vəziyyət o dərəcədə gərgindir ki, Rusiya Türkiyənin özü üçün də əsas təhlükə mənbəyi olaraq qalır.

Dünya gücləri AKP iqtidarını küncə sıxmaq istəyirlər. Lakin Türkiyə bölgədə olduqca mühüm oyunçuya çevrilmək şansına malikdir. Bu baxımdan, Azərbaycanla hərbi birləşmələrin formalaşdırlması Ərdoğana əlavə dividentlər qazandıra bilər. Belə bir addım atmaqla Ərdoğan kürd separatçıları istisna olmaqla, türk cəmiyyətinin rəğbətini qazana bilər.

Təbii ki, belə ideyalar rusların maraqlarına ağır zərbə kimi dəyərləndirilir. Rusiya analitikləri ehtiyat edirlər ki, Türkiyə ilə gözlənilən daha ciddi hərbi sazişin imzalanması Azərbaycan ordusunun Türkiyənin nəzarətinə keçməsi və Müdafiə Nazirliyində kök salan rusların “təsir agentləri”nin vurulması demək olardı. Belə gedişat NATO-nun da maraqlarına cavab verir.

Bölgəni Rusiyanın təsirindən azad eləmək üçün Türkiyəyə böyük rolların ayrılması ağlabatandır. Bakı-Ankara-Tiflis hərbi koalisiyasının müzakirəsi belə, Rusiyanın qıcığına səbəb olur. Bu baxımdan, rusların Qarabağ separatçılarını yeni savaşa sövq etməsi variantı da meydana çıxır. Türkiyə-Azərbaycan-Gürcüstan hərbi blokunun yaradılması Rusiyanı daha da aqressivləşdirə bilərdi. Lakin yaranmış vəziyyətdən bəhrələnmək üçün belə bir sənədin imzalanması son dərəcə mühüm görünür. Sazişə əsasən, Azərbaycana qarşı hərbi əməliyyatlar keçirilərsə, Türkiyə hərbçiləri buna seyrçi qala bilməzlər. Prinsip etibarilə, Türkiyə ilə imzalanması gözlənilən növbəti saziş Qarabağın qaytarılma perspektivinə də işıq yandırır. Təbii ki, dünya gücləri buna razı olmaq istəməyəcəklər. Rusiya, NATO, ABŞ, İran türk əsgərlərinin Azərbaycana gəlişi ehtimalından bərk narazıdırlar.

Ərdoğanın Bakıya səfəri zamanı Azərbaycanda Türkiyənin dövlət universiteti açılması da nəzərdə tutulub. Türkiyənin Azərbaycanda nüfuzunun artması üçün güclü ali məktəbə ehtiyac var və məlumatlara görə, artıq tərəflər bu barədə razılığa gəliblər.

Ərdoğanın Bakıya səfərinin daha mühüm səbəblərindən biri də FETÖ şəbəkəsi ilə bağlıdır. Qazaxstanın ardından Azərbaycanda da FETÖ litseylərinin tam bağlanması və həmin bazada mövcud olan strukturların Türkiyənin Maarif Vəqfinə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycan tərəfi də son illər FETÖ-yə qarşı apardığı mübarizəni daha da genişləndirmək fikirindədir.

Vurğulayaq ki, Ərdoğanın sözügedən səfəri zamanı iki ölkə arasındakı münasibətlərin daha da yaxşılıaşdırılması üçün siyasi araşdırma mərkəzlərinin və kültür mərkəzlərinin qurulması nəzərdə tutulub. Bakıda və Ankarada anlayırlar ki, Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, diplomatik, hərbi və digər sahələrdə əməkdaşlıq artırılmalıdır. Belə ki, son proseslər də sübuta yetirdi ki, Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyə ilə əməkdaşlıq lazımi səviyyədə deyil. Bu məsələyə yenidən baxılması zamanın tələbidir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması Türkiyə ilə daha sıx əməkdaşlığı zəruri edir. İlk növbədə iki ölkə arasında mövcud olan problemlərin aradan qaldırılması barədə fikirləşmək lazım gəlir. Bu məsələdə yubanmaq olmaz. Boşluğu Azərbaycana heç də dost olmayan ölkələr doldura bilərlər. İstənilən halda, Azərbaycan insanının sevgi ilə yanaşdığı yeganə ölkə Türkiyədir. Xatırladaq ki, illər öncə Azərbaycanla Türkiyə arasında konfederasiya ideyası ortaya atılmışdı. Bu ideya həmin vaxt ciddi müzakirə edildi. Doğrudan da Azərbaycanın daha da bölünüb yox olmamasının iki yolu var: Güney və Quzey Azərbaycanın birləşdirilməsi; yaxud Türkiyə ilə konfederasiyaya gedilməsi. Çünki burada böyük dövlətlərin nəhəng toqquşan maraqları var.

Bu baxımdan, Türkiyə və Azərbaycan cəmiyyətlərinin daha sıx inteqrasiyası üçün zəruri olan addımlar atılır. Bakı-Ankara yaxınlaşması hazırki mərhələdə dünya güclərinin maraqlarına cavab versə də, perspektiv baxımda onları qıcıqlandırır. Lakin nə Bakının, nə də Ankaranın bir-birlərindən başqa dostu yoxdur və bunu anlamaq lazımdır…

Azər RƏŞİDOĞLU