XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2017 - 16:26

Ukrayna BMT TŞ-yə yenilənmiş qətnamə təqdim edib –Sülhməramlılarla bağlı

BMT-nin Nyu Yorkda yerləşən baş qərargahındakı Ukrayna nümayəndəliyi BMT TŞ-dən olan tərəfdaşlarına baxmaları üçün Donbasda sülhməramlıların yerləşdirilməsi haqqında qətnamə layihəsi təqdim edib.

Strateq.az UNİAN.İA-ya istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyası (PA) rəhbərinin müavini Konstantin Yeliseyev dünən axşam milli televiziya kanallarından birində deyib. Onun sözlərinə görə, Ukrayna tərəfi sülhməramlıların yerləşdirilməsi haqqındakı qətnaməsini BMT TŞ-dəki tərəfdaşlarına hələ 2016-cı ildə təqdim edib.

Yeliseyev qeyd edib: “Təəssüf ki, həmin dövrdə qətnamə layihəsi Rusiya Federasiyasının mənfi mövqe tutması səbəbindən tərəfdaşlarda cavab reaksiyası yaratmadı”.

PA rəhbəri müavini daha sonra deyib: “Prezidentin tapşırığı ilə yenilənmiş qətnamə layihəsi elə bir neçə gün bundan əvvəl TŞ-dəki tərəfdaşlarımıza verilib. Sözsüz ki, biz bundan sonra da işləməyə hazırıq”.

PA rəhbəri müavininin sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenko BMT Baş Məclisində və BMT TŞ sammitində iştirak etmək üçün Nyu Yorka gedəcək.

UNİAN-ın xatırlatmasına görə, 22 avqustda Ukrayna prezidenti bəyan etmişdi ki, gələn ay BMT Baş Məclisinə Donbasda sühməramlıların yerləşdirilməsi haqqında ideya təqdim etmək niyyətindədir.

5 sentyabrda isə Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, ATƏT-in Xüsusi monitorinq missiyasının müşahidəçilərinin təhlükəsizliyini təmin etmək üçün BMT sülhməramlılarının ancaq Donbasda təmas xəttində yerləşdirilməsinə razıdır və RF XİN-ə BMT TŞ-yə müvafiq qətnamə təqdim etməsi üçün tapşırıq verib. Bununla yanaşı, o, qeyd etmişdi ki, bu məsələ Donbasdakı Rusiyameylli döyüşçülərlə birbaşa təmas olmadan həll edilə bilməz.

Bundan sonra Rusiya BMT rəhbərliyinə Donbasda sülhməramlıların yerləşdirilməsi haqqında qətnamə layihəsi göndərmişdi. Ukrayna XİN-i isə bəyan etmişdi ki, Putinin bu bəyanatı münaqişə tərəfdarı olan Rusiyanın növbəti dəfə öz təcavüzünü Ukraynadaxili münaqişə kimi təqdimetmə və sülhyaratma əməliyyatı ideyasının özünü və onun keçirilməsinin məqsədlərini təhrifetmə cəhdidir. Bu da başlıca məqsədə – Donbasda dayanıqlı sülhün yaradılmasına və Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsinə  nail olmağa xidmət etməyəcək.

Daha sonra RF prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yaymışdı ki, Donbasda sülhməramlıların yerləşdirilməsi haqqında hələlik heç bir modallıq (mühakimənin doğruluq dərəcəsini göstərən kateqoriya – tərc.) yoxdur və bu məsələnin müzakirəsi “Normand formatı”nda aparılacaq.

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko isə bəyan etmişdi ki, Ukrayna BMT sülhməramlılarının işğal olunmuş regionun bütün ərazisində yerləşdirilməsinə qədər bütün Rusiya qoşunlarının Donbasdan çıxarılmasında təkid edir.