XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 16:42

“Azərbaycan Əfqanıstana investisiya yatırmağa hazırdır” – Prezident İlham Əliyev

“Biz ikitərəfli əməkdaşlığımızın müxtəlif aspektlərini qısaca olaraq müzakirə etdik. Biz artıq yaxşı imkanlar və yaxşı nailiyyətlər görürük. Bizim ölkələrimiz dost ölkələrdir. Bu dostluq tarixə və ölkələrimizin bugünkü birgə maraqlarına əsaslanır”.

Bu sözləri Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü zamanı bildirib.

Dövlət başçısı deyib ki, hər iki dövlət beynəlxalq təşkilatlarda çox fəal siyasi dialoq aparır:

“BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında sıx əməkdaşlıq edirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstəyə görə Sizin ölkənizə çox minnətdarıq. Siz bizi BMT Baş Assambleyasındakı səsvermədə dəstəklədiniz. Siz bizi Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizəd olanda dəstəklədiniz. Biz buna görə çox minnətdarıq. Eyni zamanda, biz də bütün təşəbbüslərdə, bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyirik. Biz belə mükəmməl siyasi əlaqələrə malik olaraq iqtisadi məsələlərə diqqəti cəmləşdirməliyik.

Biz dövriyyəni artırmaq və investisiya layihələri paketi üçün çox yaxşı imkanların mövcud olduğunu müzakirə etdik. Azərbaycanın həm dövlət, həm də özəl şirkətləri Sizin ölkənizə investisiya yatırmağa və əməkdaşlığımızın bu iqtisadi komponentini gücləndirməyə hazırdırlar. Bu gün biz, həmçinin kommunikasiya ilə bağlı məsələləri, dəmir yolu əlaqələrini müzakirə etdik. Mən Sizə məlumat verdim ki, biz İpək Yolunun çatışmayan hissəsini – Azərbaycan ilə Gürcüstan və Türkiyə arasında dəmir yolu əlaqəsini tamamlayırıq. ümidvaram ki, biz gələn il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edəcəyik. Lakin biz artıq çindən ilk konteyner qatarlarını Azərbaycanda və Azərbaycan ərazisindən keçməsi üçün qəbul etmişik. Biz artıq marşrutu sınaqdan keçiririk. Əlbəttə ki, biz nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsini istəyirik. Həmçinin enerji resursları sahəsində yaxşı imkanlar var. Beləliklə, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirmək istəyirik. Müzakirə etdiyimiz kimi, Azərbaycan Qətiyyətli Dəstək Missiyasının üzvüdür və biz Sizin ölkənizdə sülh və inkişafa töhfə verməyə çalışırıq. Mən Sizi və hökumətinizi Əfqanıstanın dəyişikliklərlə əlaqədar əldə olunan nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm”.

AzərTac