"Azərbaycan Qafqazda son dərəcə vacib rol oynayır".
Bu sözləri “Moskva – Bakı oxu” konfransından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov deyib.
Züqanov Azərbaycanın II Dünya müharibəsində Sovet İttifaqının qələbəsində əsas fiqurlardan biri olduğunu söyləyib:
“Qırmızı ordu texnikasının 80 faizi Azərbaycan neftindən istifadə edirdi. Azərbaycan SSRİ-nin qələbəsində strateji rol oynayırdı. Azərbaycan həmçinin əsgər və zabitlərimizin müalicəsində də mühüm işlər görüb. Mənim atam müharibədən sonra Bakıdakı hospitallarda müalicə olunurdu”.
Partiya rəhbəri həmçinin Heydər Əliyevin Azərbaycanın çətin anlarında qaynar nöqtələrə şəxsən getdiyini və ölkədə sabitlik yaratdığını bildirib.
“Heydər Əliyevi şəxsən tanıyırdım. 1990-cı illərdə Azərbaycan çalxalanan zaman onun şəxsi nüfuzu mühüm rol oynadı. Heydər Əliyev rus ictimaiyyəti nümayəndələri ilə görüşərək onlara: “Sizin təhlükəsizliyinizin təminatçısı şəxsən mənəm” dedi”, – Züqanov əlavə edib.
Züqanovun sözlərinə görə, Azərbaycanda rus dilinin qorunub saxlanmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Onun sayəsində rus dili millətlərarası ünsiyyət dilinə çevrilib.
Bakının dünyada baş verən hər yaxşı hadisəni dərhal özündə tətbiq etdiyini deyən Züqanov paytaxt Bakının heyrətamiz şəhər olduğunu vurğulayaraq, “Azərbaycandan öyrənəcək çox şey var” ifadəsini işlədib.
Gennadi Züqanov xalq diplomatiyasının köməyi ilə xalqlarımızın mövcud münaqişələri həll etməyə çalışmalı olduğuna diqqət çəkib/Axar.az.