"Madəm şərtlər dəyişdi, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəriyi ölkəmizə rəğmən, bu addımı atdı, o zaman bədəlini də ödəyəcəklər"
Strateq.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Ərdoğan Ərzurumda lideri olduğu partiyanın toplantısında Bərzaninin sentyabrın 26-da keçirdiyi referenduma münasibətdə deyib.
Onun sözlərinə görə, İraq Kürd Muxtariyyətinin keçirdiyi referendum qanunsuzdur, qəbul edilməsi mümkün deyil.
Ərdoğan qeyd edib ki, referenduma qədər həmişə Bərzani hökumətinin yanında olublar:
"Hətta bəzi dost dövlətləri bunlara görə qarşımıza aldıq, əlimizdə olan imkanları bunlarla bölüşdük, onları qoruduq, dayaq oduq. Tək istəyimiz ərəb, türkmən qardaşlarımıza birlikdə İraqın bütövlüyünün yanında olmaları olub, eyni zamanda, Türkiyənin maraqlarına sayğlı yanaşmaları istənilib.
Keçmişdə bunlara verdiyimiz dəstəkdən peşman deyilik. Ancaq indi bu muxtariyyətin rəhbərliyi Türkiyənin həssas yanaşdığı məsələlərə, tövsiyyələrə qulaq asmadı, bizə qarşı addım atdı. Atdısa, demək ki, şərtlər dəyişdi. Buradan bir daha bəyan edirəm, bizim kürd xalqı ilə heç bir problemimiz yoxdur, ola da bilməz.
Ancaq yenə deyirəm, bu referendumun, bu oyunun o muxtariyyət və rəhbərliyi üçün mütləq bir bədəli, qarşılığı olacaq. Əgər Ərbildə küçələrdə İsrail bayrağı ilə dolaşanlar varsa, demək ki, o muxtariyyətin rəhbərinin Mossadla keçmişi bir, bərabərdir…".
Ərdoğan onu da deyib ki, bölgədə oynanılan oyunu bilirlər və həmin oyunu pozacaqlar: "Hansı qaranlıq mərkəzlərin nə oyunu oynadığını, nəyi hədəflədiyini gözəl bilirik. PKK-nın fəallaşması ilə referendum eyni oyunun tərkib hissəsidir. Lakin bu bölgədə kimsə Türkiyənin rizası olmadığı oyunu sonadək davam etdirə bilməz. Bu oyunu da pozacağıq. Heç kimsə Türkiyənin maraqlarını görməzdən gələ, Türkiyəyə qarşı sonadək duruş gətirə bilməz".
Strateq.az