XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2017 - 02:07

Daha bir müstəqillik referendumu, daha bir gərginlik ocağı… –Bu gün polisin tutacağı mövqe həlledici olacaq

“Habertürk”, Türkiyə

 

Bazar günü (Bu gün-red) İspaniyadan ayrılmaq üçün müstəqillik referendumuna getməyi planlaşdıran Kataloniyada gərginlik davam edir.

Madrid hökumətinin qanunsuz elan etdiyi, ancaq kataloniyalıların səsvermə məntəqələrinə getmə yönündə israr etdikləri referendum öncəsində, İspaniya polisinin referendumu əngəlləmə təşəbbüsünə Kataloniya fermerlərindən cavab gəlib. Barselona küçələrini traktorlarla dolduran kataloniyalı fermerlər müstəqillik referendumuna dəstək veriblər.

Məşhur “Sagrada Familia” kilsəsinin və hökumət binalarının ətrafında traktorları ilə konvoy təşkil edən fermerlərin planı isə İspaniya polisinin səsvermə məntəqələrinə girməsini əngəlləməkdir.

 AFR informasiya agentliyinə danışan Gerard Batalla adlı bir fermer deyib: "Traktorçulardan maşınlarını dinc bir şəkildə səsvermə məntəqələrində park etmələrini istədik. Onlara "Əgər səsvermə məntəqələrini bağlamağa çalışarlarsa, onlara mane olun, ya da işlərini mümkün olduqca çətinləşdirin. Sadəcə traktorları ora buraxın və daha irəli getməyin!” – demişik".

 

İspaniya hökumətinin hədəfi: səsvermə məntəqələri

 

Digər tərəfdən, Madrid hakimiyyətinin, yerli Katalonya polisinə təlimat göndərərək, bölgədəki bütün səsvermə məntəqələrinin “təmizlənməsi”ni istədiyi bildirilir.

"Associated Press" informasiya agentliyinin xəbərinə görə, yerli polisə göndərilən daxili təlimatda 2315 səsvermə məntəqəsinin hamısının ziyarət edilməsi və səsvermə qutuları ilə bülletenlərə əl qoyularaq, məntəqələrin bağlanması istənilir. Polis əməkdaşlarına təlimatı yerinə yetirərkən, dəyənək kimi vasitələrdən istifadə edilməməsi də tövsiyə edilir.

Sayı 17 minə çatan Katalonya polisinin Madrid hökumətindən gələn təlimatlara necə reaksiya verəcəyi, referendumun keçirilib-keçirilməməsi məsələsində həlledici rol oynayacaq.

Referendumun keçirilməsi planlaşdırılan 01 oktyabra bir neçə saat qalmış, səsvermə yeri olaraq elan edilən məktəblərin bağlanmasını önləməyə çalışan müstəqillik tərəfdarı olan qruplar, yanlarına uşaqlarını da alaraq, gecəni məktəblərdə keçiriblər.

Səsvermə keçiriləcək məktəblərin bağlanmaması üçün bütün bölgə üzrə 60 min könüllünün aksiyaya başladığı, məktəblərə girmək üçün də mədəni tədbirlər təşkil etdiyi bildirilib.

Yerli Katalonya polisi “Mossos d'Esquadra”nın ictimai asayişi riskə atmamaq üçün bir neçə məktəbdə ailələrin içəri girməsinə izn verib.

 

İnternetdən səsvermə qadağan edilib

 

Yerli Kataloniya hökumətinin internet vasitəsilə səssvermə təşəbbüsü isə jandarmanın müdaxiləsilə əngəllənib.

Xəbərləşmə Texnologiyası və Telekommunikasiya Mərkəzi (CTTI) və Kataloniya Xəbərləşmə Təhlükəsizliyi Mərkəzinin (Cesicat) binalarına gedən jandarma, internetdə “hə” adıyla yaradılan səsvermə saytlarının bağlanması ilə əlaqədar olan müvafiq qərarı vəzifəli şəxslərə verib.

Başda Barselona olmaqla, bütün Kataloniyada ictimai binaların və məktəblərin önündə təhlükəsizlik tədbirləri artırılarkən, Barselonada İspaniya hökumətini təmsi edən valilik binasının önü çox sayda polis maşını və dəmir barmaqlıqlarla təhlükəsizlik dairəsinə alınıb.

Puigdemont: "Avtoritar dövlətlə mübarizədə qalib gəldik"

 

Kataloniya Muxtar Administrasiyası hökumətinin başçısı Carles Puigdemont Barselonada keçirilən son mitinqdəki çıxışında deyib:“Təzyiqlərə, qorxutmalara, yalanlara, təhdidlərə və bizim buraya qədər gəlməmizi əngəlləməyə çalışan avtoritar dövlətə qarşı mübarizədə qalib gəldik. Artıq buradayıq və geri dönməmək üçün gəldik. Bazar günü tarixi dəyişdirməyə hazır şəkildə küçəyə çıxacağıq. Bazar, bazar ertəsi və bütün həftə gələcəklə görüşümüz var. Çünki qərarlı bir addımla yürüməyə başlayacağıq. Bir prosesdən çıxıb, irəli doğru getməyə başlayacağıq”.

Onun müavini Oriol Junqueras isə çıxışında bildirib: "Kataloniyalılar artıq qorxuya qalib gəlib. Bundan sonrası azadlıq yoludur. Millət olaraq, heç şübhəsiz, çoxsaylı məğlubiyyətlərin və çətinliklərin meyvəsiyik. Amma hamımız inandıq ki, bundan sonra bütün qələbələrin səsiyik!”.