XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 21:55

Həsən Ruhani:“İran və Türkiyə bölgədə sabitliyin təminatçısıdır”

İran və Türkiyə arasında 4 əməkdaşlıq sazişi və memorandum imzalanıb.

İmzalanma mərasimi prezidentlər Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Sənədlər gömrük, bank sahələrində, milli kitabxanalar və dövlət televiziyaları arasında əməkdaşlıq sahəsini əhatə edir.

Mərasimdən sonra prezidentlərin mətbuat konfransı keçirilib.

Ruhani deyib ki, İran və Türkiyə iki dost və müsəlman ölkədir: “Bu iki ölkə regionda sabitliyin təminatçısıdır. İki ölkə arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq inkişaf etdirilib. Bu gün aparılan müzakirələrdə və Strateji Əməkdaşlıq Şurasının iclasında önəmli qərarlar qəbul olundu. İki ölkənin bank sektoru arasında əməkdaşlığın inkişafı və ticarətin milli valyuta ilə aparılması barədə qəbul olunmuş qərar bugünkü qərarların ən önəmlisidir”.

H.Ruhani iki ölkə sərhədindəki 3 buraxılış məntəqəsinin 24 saat fəaliyyət göstərəcəyini söyləyib. O, Türkiyənin İrandan təbii qaz idxalının həcmini artıracağını açıqlayıb.

İran prezidenti İraq Kürdüstanı məsələsində Türkiyə ilə bəzi razılıqlara gəldiklərini diqqətə çatdırıb: “Biz onlara təzyiq göstərmək istəmirik. Kürdüstan başçıları səhv qərarlarını düzəltməlidir. İran, Türkiyə və İraq ciddi və zəruri addımlarla regionda öz strateji hədəflərini təmin edəcəklər. Məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır”.

R.T.Ərdoğan isə Strateji Əməkdaşlıq Şurasının iclasının çox faydalı keçdiyini vurğulayıb. O deyib ki, iki ölkə arasında ticarət mübadiləsinin 30 milyard dollara çatdırılması haqqında razılıq əldə olunub: “İclasda bu məqsədə çatmaq üçün yol xəritəsinin hazırlanmasına qərar verildi”.

APA