XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

11 Aprel 2015 - 08:42

Prezident İlham Əliyev Astaraya səfər edib

Prezident İlham Əliyev Astaraya səfər edib

Prezident İlham Əliyev bu gün Astara rayonuna səfər edib.
APA-nın xəbərinə görə, dövlət başçısı Deqədi-Pəlikəş avtomobil yolunun açılışında iştirak edib.
Məlumat verilib ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün dövlət başçısı 2013-cü ildə müvafiq sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. ötən il imzalanan digər sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib. Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.
Prezident İlham Əliyev sonra “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, “Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Konxida” çay toxumları Gürcüstanın Batumi şəhərinin çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb gətirilib. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb.
Burada həmçinin Cənubi Koreya şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 4,5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir çəkici-bükücü avadanlıq quraşdırılıb. İstismara verildikdən sonra fabrikdə çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.
Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib. Bundan başqa, müəssisənin Lənkəran rayonu ərazisində 60 hektar sahəsində taxıl səpini də aparılıb və ötən il 120 tona yaxın məhsul toplanıb. Həmçinin Astara rayonu ərazisində gündəlik istehsal gücü 10 ton olan düyü dəyirmanı əsaslı şəkildə təmir edilərək genişləndirilib və 10,5 ton çəltik tutumu olan 3 ədəd qurutma aqreqatı quraşdırılıb. Bununla yanaşı, Astarada 76 hektar, Lənkəranda 15 hektar olmaqla cəmi 91 hektar sahədə feyxoa, 6 hektar portağal və 3 hektar naringi tingi əkilib.
çay fabriki ilə tanışlıqdan sonra prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı daha sonra Astaranın dənizkənarı park-bulvar kompleksində yaradılan şəraitlə tanış olub. Şəhərin mərkəzində yerləşən bu mədəniyyət və istirahət kompleksində yenidənqurma işləri ən yüksək səviyyədə görülüb, parkın ərazisi tamamilə yenidən qurulub. Park-bulvar kompleksi Astara şəhərində Xəzər dənizinin sahil boyunca bir kilometr uzunluğunda olan ərazini əhatə edir. Kompleksin inşasına 2014-cü ilin mart ayında başlanıb və artıq tikinti-quraşdırma işləri başa çatdırılıb. Burada park-bulvarın sahəsi 6 hektar, çimərliyin sahəsi 2 hektardır. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzləri, açıq fitnes meydançası, kafe-çay evi tikilib. Bundan əlavə, ərazidə uşaq əyləncə attraksionları da qoyulub.