XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 14:16

“Amerika dəstək versəydi, Bərzani vəzifədən getməyəcəkdi” –POLİTOLOQ ŞƏRHİ

“Bərzani istədiyi nəticəni əldə etmədiyi üçün istefa verdi. Əslində referendum etməklə çox böyük riskə getdi. Bərzani düşünürdü ki, Amerika və ya İsrail onu qoruya biləcək. Elə sonuncu çıxışında da Amerikanı ittiham etdi. O düşünürdü  ki, ABŞ dəstək verəcək, amma bu, baş vermədi və məcbur olub vəzifəsindən istefa verdi.

Strateq.az bildirir ki, bu sözləri  "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu kaspi.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bərzaniyə  qarşı olan müxalifət də güclənib: “Türkiyənin xarici işlər naziri Çavuşoğlunun da maraqlı açıqlaması oldu ki, əslində Şimali İraqdakı kürdlərin müstəqillik və referendumla bağlı vahid fikri yox idi və müəyyən bir hissə buna etiraz edirdi. İndi isə etiraz edənlərin səsi güclənib. Çünki şimali İraqın vəziyyəti ağırlaşıb, sərhədlər bağlanıb, iqtisadi çətinliklər yaranıb və bununla yanaşı, Kərkük kimi bir şəhəri itiriblər. Ona görə də Bərzani bu məsuliyyəti bölüşməmək üçün vəzifəsindən istefa verdi. Yox, əgər müstəqillik ona divident gətirsəydi, problemlər olmasaydı, Amerika dəstək versəydi, inanmıram ki, vəzifədən gedərdi”.

E.Şahinoğlu əlavə edib ki, kürdlər arasında müxtəlif qruplaşmalar var və onlar arasında silahlı toqquşmalar ola bilər: "Əvvəllər Bərzaniyə bağlı qruplarla Təlabaniyə bağlı birləşmələr savaşırdılar və demək olar ki, şimali İraqda vətəndaş müharibəsi gedirdi, daha sonra barışdılar. Son hadisələrdən sonra Təlabani tərəfdarları Bərzani dəstəkçiləri ilə tərs düşüblər. Ona görə də mümkündür ki, bölgədəki liderlik uğrunda mübarizədə çox kəskin toqquşmaların şahidi olaq”.

Politoloqun fikrincə, referendumun nəticələri indiki halda dondurulub: "Bununla bağlı Türkiyə və İranın tələblərinin nədən ibarət olması maraqlıdır. Referendumun dondurulması indiki vəziyyət üçün keçərlidir, amma ola bilsin 10-15 ildən sonra münasib zaman yetişən kimi yenidən müstəqilliklərini elan etsinlər. Çünki həmin sənəddə nəticələrin hansı vaxtı əhatə etməsi göstərilmir. Ona görə də bu məsələ hələ qaranlıq qalır. Fikrimcə, son hadisələrdə elə bir zərbə aldılar ki, yaxın illər ərzində müstəqillik haqqında düşünmələri alınmayacaq. Elə katalonları da eyni vəziyyət gözləyir. Belə demək olar ki, həm kürdlər, həm də katalonlar aldadıldılar”.