XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2017 - 08:26

Seysmoloji Xidmət Mərkəzi təsdiqlədi: 6 bal gücündə zəlzələ olub –Ağdam və Tərtərdə evlərə zərər dəyib, yaralı var

Azərbaycan Milli Elmlər Akademiyası​ nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkəmizdə dünən gecə baş verən zəlzələ barədə rəsmi məlumat yayıb.

Strateq.az xəbər verir ki,  ötən gecə yerli vaxtla saat 23:48-də baş verən zəlzələ Ağdam ərazisində 6 bal, yaxın yaşayış məntəqələrində isə 5,3 bala qədər hiss olunub.

Yeraltı təkanlar yerin 25 km dərinliyində 5.7 maqnituda olub.

Onu da qeyd edək ki, dünənki zəlzələ ölkənin bir çox rayonlarında da hiss edilib.

***

Azərbaycanda baş verən 6 bal gücündə zəlzələ nəticəsində bəzi rayonlarda yaşayış evləri dağılıb.

Ağdam Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Əliyevin "Report"un Qarabağ bürosuna verdiyi xəbərə görə, rayonun Üçoğlan kəndində vətəndaşa məxsus fərdi yaşayış evi uçulub.

Onun sözlərinə görə, eyni zamanda zəlzələ nəticəsində Quzanlı kəndində elektrik transformatorunda partlayış baş verib, qəsəbəyə verilən elektrik enerjisində fasilələr yaranıb. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən təmir-bərpa işləri görülür.

Eyni zamanda Tərtər rayon icra başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ramiz Şabanovun "Report"a verdiyi məlumata görə, 5 baldan yuxarı baş verən yeraltı təkanlar bir neçə kənddə dağıntılara səbəb olub, çoxlu sayda ev qəzalı vəziyyətə düşüb.

O bildirib ki, yerli sakinlərin FHK-yə verdiyi məlumata görə, rayonun Evoğlu, İsmayılbəyli və Əskipara kəndlərində palçıqdan tikilən evlərin bir hissəsi zəlzələ nəticəsində uçulub. Rayonun digər yaşayış məntəqələrində çoxlu sayda evin hasarlarında çatlar əmələ gəlib.

Hazırda komissiya tərəfindən dəymiş ziyanın miqdarı müəyyən edilir.

***

Respublika ərazisində baş verən güclü zəlzələ nəticəsində ilk xəsarət faktı qeydə alınıb.

“Report” xəbər verir ki, təbii fəlakət nəticəsində Tərtərin Qaziyan kəndində 1 nəfər yaralanıb.

1975-cii il təvəllüdlü kənd sakini Məmmədov Şahid İbrahim oğlu dağılan evin altında qalıb. Nəticədə evin dəmir konstruksiyası onun bel nahiyəsinə düşüb. Nəticədə Ş.Məmmədov ağır xəsarət alaraq "təcili tibbi yardım" maşını ilə xəstəxanaya çatdırılıb.