XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 09:42

Prezident Lavrovu qəbul etdi:"Azərbaycan münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır"

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycanda rəsmi səfərdədir.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Prezident deyib ki, biz ölkələrimizin dövlətlərarası münasibətlərindən çox məmnunuq:

"Bu münasibətlər praktiki olaraq bütün sahələri əhatə edir və çox yaxşı dinamikliyə malikdir. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər keçirilir. Bu il bir neçə görüş keçirilib. Eləcə də xarici siyasət idarələrinin başçıları və müvafiq qurumların rəhbərləri mütəmadi olaraq görüşürlər”.

Dövlət başçısı qeyd edib ki, bütün bunlar münasibətlərin yüksək səviyyədə olduğunu göstərir: “Biz artıq bunu çoxdandır strateji tərəfdaşlar arasında münasibətlər kimi səciyyələndiririk və əminəm ki, gələcəkdə əməkdaşlıq potensialını gücləndirəcəyik”

Azərbaycan prezidenti bildirib ki, iki ölkə arasında  ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artıb: “Nəqliyyat sahəsində yeni imkanlar açılır. Biz bu istiqamətdə, energetika sahəsində fəal işləyirik. Əlbəttə, humanitar sahə də bizim ənənəvi əməkdaşlıq sahəsidir. Düşünürəm ki, bizim münasibətlərimiz bütün qonşular və tərəfdaşlar üçün nümunə ola bilər. Əlbəttə, bu gün həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlərdən danışacağıq. Azərbaycan bu münaqişənin tezliklə nizamlanmasında son dərəcə maraqlıdır. Əminəm ki, səfər, həmçinin münasibətlərimizin möhkəmlənməsi işində mühüm məqam olacaq”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə əvvəlcə Putinin  salamını çatdırıb: "Bu yaxınlarda – noyabrın 1-də Rusiya Federasiyasının prezidenti ilə Tehranda növbəti dəfə görüşdünüz. O, Sizə səmimi salamlarını çatdırır, məmnuniyyətlə Sizin görüşlərinizi xatırlayır. Biz Vladimir Vladimiroviçlə Sizin aranızda olan razılaşmaların yerinə yetirilməsinə sadiqik”.

Nazir bildirib ki, cari ilin ilk 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ən azı 60 faizdən çox artıb: “Bu da iki il əvvəl özünü göstərən ticarət dövriyyəsinin azalması tendensiyasının qarşısını almaq və Sizin dediyiniz kimi, investisiya qoyuluşu sahəsində tempi artırmaq istiqamətində çox ciddi addımdır. Bu il Stavropolda uğurla keçirilmiş Regionlararası Forumu qeyd etməliyəm. Bakıda parlamentlərarası komissiyanın iclası keçirilib. Biz diplomatik münasibətlərin 25 illiyi ilə əlaqədar həmkarımla qarşılıqlı səfərlər etmişik. Moskvada arxiv sənədlərinin sərgisi keçirilib. Sabah bu tarixə həsr edilmiş əlavə tədbir keçirəcəyik. “ADA” Universitetinə çıxış etmək dəvətinə görə təşəkkürümü bildirmək istəyirəm”.

Sergey Lavrov həmçinin qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlər üçlüyünün üzvü kimi düyünün açılmasına hərtərəfli kömək göstərməkdə və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi təmin etməkdə maraqlıdır: “Burada biz sizinlə tamamilə razıyıq ki, bu istiqamətdə fəal səylər göstərmək lazımdır”.