XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 06:41

Əli Kərimli Yalçın İmanovun müdafiəsinə qalxdı:"Niyyətləri tabe olmayanları məhv etməkdir"

AXCP sədri Əli Kərimli tanınmış vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılmasına və fəaliyyətinin dayandırılmasına etiraz edərək, onun müdafiəsinə qalxıb. 

Strateq.az xəbər verir ki, Əli Kərimli özünün "Facebook" səhifəsində yazıb:

“Artıq bu ölkədə vicdanlı və peşəkar olmaq da cəzalandırılır. Yalçın İmanov siyasətlə məşğul deyil, qarşısına rejimin dəyişməsinə kömək etmək kimi bir vəzifə də qoymayıb. Sadəcə, savadlı və vicdanlı vəkildir. Gözünün qabağında cinayət törədiləndə, hüququnu qoruduğu şəxslərə qarşı cinayət işi quraşdırılanda, onlara işgəncə veriləndə, vicdanı onu susmağa qoymur. Vəzifəsini vicdanla yerinə yetirir, qanunsuzluğun aradan qaldırılması üçün hüquqi yollara baş vurur, baş verənlərdən cəmiyyəti xəbərdar edir.

Bir də Yalçın bəy cəsarətli insandır. Hakimiyyətin özünə şəxsi düşmən seçdiyi şəxsləri də müdafiə etməkdən çəkinməyib. Xədicə İsmayılın, Fuad Qəhrəmanlının və bir çox digər tanınmış siyasi məhbusların vəkili olub, hüquqlarını qorumağa çalışıb. Hacı Tale Bağırzadə başda olmaqla “Naradaran məhbuslarını” müdafiə etməkdən çəkinməyib… Bir sözlə, peşəkar və vicdanlı vəkil nə etməli idisə, Yalçın bəy onları edib. Və elə buna görə də düşüb hökumətin "qara siyahısı"na. Onun vəkil kimi fəaliyyətini artıq dayandırıblar. Vəkillik fəaliyyətinə tamamilə xitam vermək üçün məhkəməyə müraciət edilib. Məhkəmələr də bir qayda olaraq belə təqdimatları gözüyumulu qəbul edib, rəsmiləşdirir. Ancaq bu prosesi hələ də durdurmaq olar".

Vəkil Yalçın İmanov

Daha sonra hamını Yalçın İmanovun müdafiəsinə qoşulmağa çağıran AXCP sədri müxalifətin bu prosesə sahib çıxmağa hazır olduğunu da bildirib: "Başa düşməliyik ki, söhbət təkcə Yalçın bəyin hüququnun qorunmasından getmir, rejimin niyyəti bütün müstəqil və müxalif fikirli insanları, əslində bütövlükdə cəmiyyəti vicdanlı və cəsur vəkillərin müdafiəsindən məhrum etməkdir. Niyyətləri vəkilləri tam olaraq öz iradələrinə tabe etmək, tabe olmayanları məhv etməkdir. Bəli, təkcə Yalçın İmanovun deyil, hər birimizin taleyindən söhbət gedir! Biz bu ölkədə vicdanlı peşəkarların məhv edilməsinə susa bilmərik, susmamalıyıq! Birgə səylərimizlə elə ictimai qınaq yaratmalıyıq ki, hakimiyyət Yalçın İmanovu Vəkillər Kollegiyasından çıxarmağın onun vəkil kimi fəaliyyətinin nəticələrindən daha ağır nәticә doğuracağını anlasın. 

Bizlər siyasi müxalifət olaraq bu işə sahib çıxacağıq. Yalçın bəyə və Vəkillər Kollegiyasından çıxarılmağa namizəd digər vəkillərimizə, nümayəndəlik institunun ləğvilə peşəsindən ayrı salınan minlərlə hüquqşünasımıza sona qədər dəstək olmağa hazırıq. Vətəndaş cəmiyyətini səfərbər olmağa, Yalçın bəyə, əslində onun indiki və potensial müştərilərinə, bütövlükdə cəmiyyətimizə qarşı bu təhqiramiz münasibətlə barışmamağa çağırıram. Vətəndaş cəmiyyəti yenidən toparlana bilsə, hakimiyyət anlayar ki, bir çox hallarda bütün hədləri aşmaq əks nəticələr verir. Olduqca vacibdir ki, daha çox sayda vəkil bu ədalətsizliyə qarşı səsini ucaltsın. Zatən hakimiyyətin kursu məlumdur. Vəkillər Kollegiyasından bütün vicdanlı və peşəkar vəkilləri çıxarmaq istəyirlər. Hörmətli vəkillərimiz gərək bir-bir kollegiyadan çıxarılmaq növbəsini gözləməsinlər. Bu anti-insani siyasətə indidən, həm də uca səslə etiraz etmək lazımdır. Beynəlxalq birlik də zəhmət çəkib, öz öhdəliyinə əməl etsin, Azərbaycanda ədalət mühakiməsinin məhv edilməsinə seyrçi qalmasın".