XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2017 - 20:45

“Axı, bu cür qiymətlərlə əhalinin vəziyyətini yaxşılaşdıra bilmərik…” –Vahid Əhmədov hökumətə yeni suallar ünvanladı

"Qiymət siyasətində dövlətin yol xəritəsi olmalıdır. Maaşları nə qədər artırsaq da, bu cür qiymətlərlə əhalinin vəziyyətini yaxşılaşdıra bilmərik".

Bu sözləri millət vəkili Vahid Əhmədov Milli Məclisdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə,  ölkədə qiymət siyasəti yoxdur: "Azərbaycanda qiymətlər nə üçün qalxır? İdxal-ixrac əməliyyatlarında müsbət saldo qeydə alınıb, neftin qiyməti büdcədə proqnozlaşdırılandan aşağı deyil. Bəs, qiymətlər nə üçün dəyişir?”.

Ölkədə Əlavə Dəyər Vergisi siyasətinə toxunan millət vəkili bu məsələdə dəyişiklik edilməsini təklif edib:

“Nə üçün bütün mallara 18 faiz vergi qoymalıyıq? Elə məhsullar var ki, onlara 30 faiz də vergi qoymaq olar. Lakin əhalinin ehtiyacı olan elə mallar var ki, onlara 10 faiz vergi qoyulmalıdır. Ölkəmizdə manopoliya yoxdur, bununla razıyam, bəs nə üçün illərdir Azərbaycan Rəqabət Məcəlləsi qəbul edilmir?

Növbəti ildə mütləq bu məcəllənin qəbul edilməsini vacib sayıram. Pul-kredit siyasəti məsələsində manatın məzənnəsinin qorunması üçün Mərkəzi Bankın həyata keçirdiyi işlərdən məlumatlıyam. Elman Rüstəmov da ölkədə pul kütləsinin yetərli olduğunu dedi. Lakin bu ilin sonunda ümumi daxili məhsulun minusuna çıxmağımızın səbəbi ölkədə pul kütləsinin yetərli olmamasıdır”.

Millət vəkili onu da əlavə edib ki, 2016-cı ildə dövlətə ən çox ziyanı bank sektoru vurub: “Standart bank bağlanıb 40 min insan küçədə qalıb, əmanətlərini ala bilmir. Bankların bağlanması siyasəti doğru addım deyil. Bu vəsaitlərin qaytarılması üçün Əmanətlərin sığortası fonduna vəsait ayrılır. Ayrılan vəsaitin necə xərclənməsinin araşdırılmasını Hesablama Palatasından xahiş edirəm”.

Teleqraf.com