XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

28 Noyabr 2017 - 11:49

Deputatdan müzakirəyə səbəb olacaq çıxış:"Test üsulu geniş dünyagörüşünə sahib insan yetişdirmir..."

"Bəri başdan deyim ki, test üsulu ali məktəblərə qəbulda rüşvət piramidasının sındırılması üçün çox vacib addım idi. Ancaq bu heç bir halda bu qədər uzunmüddətli və toxunulmaz formada qalmamalı idi. Üç-dörd ildən sonra ali məktəblərə qəbulun ən sadə forması tapılmalı idi".

Strateq.az xəbər verir ki, bu sözləri deputat Fazi Mustafa sosial şəbəkədəki səhifəsində yazıb.

Deputat qeyd edib ki, indi əsas diqqət məktəbi bitirməyə yönəlik olmalıydı:

"Hazırlıqsız şəxs inkişaf etmiş ölkələrdə olduğu kimi rahatlıqla daxil olduğu məktəbi rahatlıqla tamamlaya bilmir. Məhz bu vaxt itkisinin qorxusundan insanlar orada ali təhsili əyləncəyə çevirmirlər. Test üsulu predmet haqqında geniş dünyagörüşünə sahib insan yetişdirmir, istər-istəməz əzbərçilik çərçivəsinin içinə yönləndirir. Cavabları variantların birində göstərilən test forması savadlı insan yetişdirə bilməz. Savad yalnız konkret sahəyə aid biliklərə yiyələnmək deyil, həm də fikrin ifadəsidir, dolğun yazılı təsviridir, ümumi elmi dünyagörüşüdür. Ona görə də ən yüksək balla daxil olmuş insanların əksəriyyəti normal esse yaza bilmirlər, mütailə vərdişinə sahib deyillər və nəticədə də tam yetkin mütəxəssis kimi yetişməkdə çətinlik çəkirlər".

Fazil Mustafanın sözlərinə görə, yaxın çevrəsində olan və testin məhsulu sayılan tələbələrin əksəriyyətinə bədii ədəbiyyatın, gündəlik mütailənin faydasını hələ də təlqin edə bilmir:

"Kütləvi bir tənbəlləşmə aurası görürəm və üzülürəm. Addımbaşı qurbağa xətləri ilə, hərf səhvləri ilə dolu diplomlu insanların mətnləri ilə tanış olduqda problemin hansı həddə olduğunu duyuram. Çıxış yolu ali məktəblərin girişini açıb çıxışını daraltmaqdır. Bir şeyi də etraf edək ki, bütün bunların əsas mənbəyi orta təhsilin optimal faydalılığının olmamasında axtarılmalıdır. Azərbaycanda həm dövlətin, həm də cəmiyyətin təhsil hədəfləri anlaşılmazlıqlara doludur".