"Neftçi" futbol klubu həbs edilən iki futbolçu ilə bağlı xüsusi bəyanat verib.
Strateq.az "Neftçi" PFK-nın saytına istinadən xəbər verir ki, rəhbərlik yayılan məlumatları klubun ictimai nüfuzuna xələl gətirdiyini və bunun həqiqətə uyğun olmadığnı bəyan edib:
"Komandamızın oyununun və nəticələrinin yaxşılaşdığı bir vaxtda bu cür qərəzli xəbərlərlə "Neftçi"nin gündəmə gətirilməsi bizi növbəti dəfə mövqeyimizi ortaya qoymaga məcbur etdi. "Neftçi" həm klub daxilində, həm də azarkeşlərlə münasibətlərdə son illərin ən yaxşı dövrünü yaşayır – əsl komanda olaraq birləşib, bütövləşib, vahid məqsəd uğrunda mübarizə aparır. İstər klub rəhbərliyi və baş məşqçi, istərsə də futbolçular arasında birlik yaranıb. Belə bir məqamda klubdaxili atmosferi pozmağa və "Neftçi”nin adının ləkələnməsinə yönələn bu xəbərləri qətiyyətlə pisləyirik.
"Neftçi" PFK rəsmən bəyan edir ki, futbolumuzda çirkin oyunlarla məşğul olan hər bir kəsin layiqli cəzasını almasının tərəfdarıdır və bu yöndə hüquq-mühafizə orqanlarının apardıgı işləri dəstəkləyirik.
Bildiririk ki, "Neftçi"nin adını çirkin oyunlarda hallandıranlara qarşı ölkə qanunvericiliyinə uyğun şəkildə hərəkət ediləcək".