XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

14 Aprel 2015 - 20:30

Keçmiş baş prokuror hüquq-mühafizə orqanlarını inhisarçlarla mübarizəyə səslədi

Parlamentin 14 aprel iclasında Azərbaycan Respublikasının Hesablama Palatasının illlik hesabatının müzakirəsi zamanı sabiq Respublika prokuroru, hazırda Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı olan İlyas İsmayılov maraqlı çıxış edib. Partiyanın mətbuat xidməti çıxışın tam mətnini Strateq.az-a təqdim edib. Mətndə deyilir:

“Müzakirəyə çıxarılan hesabat göstərir ki, Hesablama Palatası öz işini ildən ilə yaxşılaşdırır, onun əhatə etdiyi sahələr çoxalır, keçirdiyi audit tədbirləri daha da genişlənir, bu da, öz növbəsində büdcə prosesinin təkmilləşdirilməsinə kömək edir. Palatanın əsas vəzifəsi Azərbaycanda büdcə xərcləri üzərində nəzarətin həyata keçirilməsidir və bu baxımdan, onun büdcə intizamının möhkəmlənməsində oynadığı rol artıq müsbət nəticələr verməkdədir.
Bu gün mən diqqətinizi yenə də büdcənin formalaşmasına, yumşaq desək, mənfi təsir göstərən, iqtisadiyyatımızda olan və hazırki dünya iqtisadi böhranı zamanı daha qabarıq şəkildə nəzərə çarpan inhisarçılığa yönəltmək istərdim. çünki məhz inhisarçılıq inkişafa maneçilik törədən əsas amildir: inhisarçılıq azad rəqabətə yol vermir, bizi ağac qurdu kimi içəridən yeyən korrupsiyaya meydan açır, qiymətlərin qalxmasına, əhalinin maddi rifah halının pisləşməsinə səbəb olur, cəmiyyətdə gərginlik yaradır, var-dövlətin korrupsionerlərin və soyğunçu sahibkarların cibinə axmasına şərait yaradır.
Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında inhisarçılığa qarşı mübarizəni daha da gücləndirməyi, azad, ədalətli rəqabəti təmin etməyi bir vəzifə kimi qarşıya qoydu. Bu vəzifənin həyata keçirilməsi üçün mən inhisarçılıqla mübarizədə hökumətə yardım edə biləcək bəzi qanun müddəalarını xatırlatmaq istərdim.
2014-cü ildə qəbul edilmiş və bu gün də qüvvədə olan “Korrupsiyaya qarşı mübarizə haqında” Qanunun 1-ci maddəsində deyilir: “Korrupsiya- vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi…” deməkdir.
Qanunun 2.1 maddəsində korrupsiya ilə əlaqədar haquqpozmaların subyektləri olan vəzifəli şəxslərin yeri göstərilir. Buraya vəzifə tutan, əlində səlahiyyət olan bütün kateqoriyadan olan şəxslər aid edilir.
Qanunun 11-ci maddəsində isə korrupsiya hüquqpozmalarına görə vəzifəli şəxslərin intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti müəyyən edilir.
Göründüyü kimi, inhisarçılıq – əslində vəzifəli şəxsin özünün və ya onun yaxın qohumunun tutduğu vəzifənin imkan vediyi səlahiyyətlərdən sui-istifadə edərək özünə və ya yaxın qohumlarına maddi və sair nemətlər qazandırması deməkdir. Yeri gəlmişkən, “Korrupsiya ilə mübarizə haqqında” Qanunda vəzifəli şəxsin yaxın qohumları ilə birgə fəaliyyəti qadağandır. Ancaq bu qanun pozğunluğu da Respublikada geniş vüsət alıb.
Deməli, inhisarçılar, əslində korrupsiya ilə əlaqəli hüquqpozmaların subyektləridir və onların barəsində cinayət məsuliyyəti müəyyən edilməlidir.Yəni, inhisarçılığa qarşı mübarizədə tək İqtisadi İnkişaf və Sənaye Nazirliyinin strukturları yox, həm də hüquq-mühafizə orqanları iştirak etməlidirlər. Və bu mübarizə xırda şirkətlərlə yox, kartel sövdələşmələri quran və ilk növbədə iri, istehlak bazarının böyük hissəsini daimi nəzarətdə saxlayan şirkət və holdinqlərə qarşı aparılmalıdır.
Beləliklə, ölkədə azad, ədalətli rəqabəti təmin etməklə, biz həm kiçik və orta sahibkarlığın inkişafına yeni nəfəs vermiş və bununla ölkənin iqtisadi durumunu yaxşılaşdırmış, həm əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir göstərmiş, həm də qeyri-neft sektorundan toplanan büdcə daxilolmalarını əhəmiyyətli dərəcədə artırmış olarıq”.