XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 14:02

Məmmədyarov BMT-nin tribunasından dünyaya səsləndi:"Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə etimadı möhkəm sarsılıb"

"Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur ediliblər. Bugün Azərbaycan 1.2 milyon qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb".

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.

O vurğulayıb ki, Ermənistan, Azərbaycanın ərazi bötüvlüyünü bir daha təsdiq edən və işğal olunan ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir: "Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilən və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi. 1992-ci ildə törədilən bu soyqırımın nəticələri açıqca göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzasızdırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb".

E.Məmmədyarov vurğulayıb ki, beynəlxalq ictimaiyyətin azərbaycanlılara qarşı törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir: "Buna görə də, biz BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq. Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb".

Report