XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

05 Mart 2018 - 20:44

ODESSADA RUSİYAYA MEYDAN OXUYURLAR –NATO təmsilçiləriylə görüş ərəfəsi Ukraynanın hücum imkanlarından söz açıldı

Tatyana İvjenko

“Nezavisimaya qazeta”nın Ukraynadakı xüsusi müxbiri, 05 mart 2018-ci il

 

Bu gün Odessada Ukrayna-NATO Parlamentlərarası Şurasının iki günlük iclası açılır. “Krımın hərbləşdirilməsi”, “Qara dəniz hövzəsində iqtisadi durum və enerji təhlükəsizliyi”, “Ukraynanın şərqində təhlükəsizlik durumu” tədbirin başlıca mövzuları arasındadı. İclas ərəfəsində ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volkerin DXR/LXR-in ləğv edilməsi haqqında bəyanatı səsləndirilib.

Volker bu barədə Hadson İnstitutunun analitik mərkəzində aparılan panel diskussiyalarının gedişində danışıb. Ukrayna KİV-ləri onun sözlərini sitat gətiriblər: “Sözdə Luqansk Xalq Respublikası və Donetsk Xalq Respublikası RF-nin rolunun gizlədilməsi və davam edən münaqişənin möhkəmləndirilməsi məqsədilə Rusiya tərəfindən yaradılan qurumlardı. Və onlar ləğv edilməlidi… Ukraynanın konstitusiya nizamında onlara yer yoxdur. Minsk razılaşmaları Ukraynanın suverenliyi və ərazi bütövlüyünün bərpasına yönəlib və bu qurumlar yox olmalıdı”.

Volker bu yolu necə gördüyünü izah edib: Donbasa öz fəaliyyətini bir neçə mərhələdə həyata keçirəcək BMT sülhməramlı missiyası yeridilir. Beynəlxalq qüvvələr region üzərində nəzarəti təmin edərək, təhlükəsizlik rejiminə əməl edilməsinə təminat verir, bundan sonra  Donbasda yerli hakimiyyət orqanlarına seçkilərin təşkilini və keçirilməsini, yeni hakimiyyətə geniş səlahiyyətlərin verilməsini, həmçinin DXR/LXR müdafiəçilərinə amnistiya verilməsini təmin edir. Yəni, beynəlxalq administrasiyanın nəzarəti altında Minsk razılaşmasının yerinə yetirilməsi planlaşdırılır.

Volkerin bəyanatı Minsk razılaşmalarının şərhinin Ukrayna versiyasını nəzərdə tuturdu. Kiyevdə hesab edirlər ki, sənəd DXR/LXR-in ləğvinə və Donbasın bütün ərazisinin tamamilə Ukraynanın yurisdiksiyasına qaytarılmasına yönəlib. Xatırladaq ki, Ukrayna heyəti hələ 2016-cı ilin oktyabrında Minsk danışıqlarında məsələni məhz belə qoymuşdu. O zaman DXR/LXR nümayəndələri respublikalarda yerli seçkilərin Ukraynadan asılı olmadan, öz qanunvericilikləri əsasında keçirilməsinə nail olmağa çalışmışdılar.

O vaxtdan Kiyevin mövqeyi dəyişməyib. Ukrayna hakimiyyəti nə müstəqil qurumlar kimi DXR/LXR-in varlığını, nə də respublikaların rəhbərliyini tanımır. Və Donetsk və Luqansk tərəfindən irəli sürülən heç bir bəyənatı, təklifi, ideyanı heç zaman şərh etmir. Kiyev hazırda Donbasdakı fəaliyyət strategiyası haqqında qanunda formalaşdırılmış xəttə sərt əməl edir: real rəqib (“təcavüzkar dövlət”) Rusiya hesab edilir, DXR/LXR isə “işğalçı administrasiyalar” tərəfindən idarə edilən “müvəqqəti işğal edilmiş ərazilər” kimi tanınır.

Ukrayna hakimiyyəti bu qanun qəbul edilənədək də Donetsk və Luqanskla hər hansı bir danışıqdan qəti imtina edibdir. Və sərt bəyan edib ki, Minsk razılaşmasının siyasi maddələri yalnız təhlükəsizliyin təmin edilməsilə bağlı bütün maddələr reallaşdırıldıqdan sonra yerinə yetiriləcək. Kiyevin şərhində bu, DXR/LXR-in ləğvindən və regionda Ukrayna yurisdiksiyasının bərpasından sonra deməkdir.

Ötən ilin yazında bu mövqeyi ATƏT ölkələrindən olan diplomatlara Minsk danışıqlarında humanitar yarımqrupdakı Ukrayna nümayəndəsi, Ali Rada sədrinin I müavini İrina Geraşenko izah edib. Geraşenko bildirib: “Biz qeyd etdik ki, Ukrayna parlamenti Minsk razılaşmasının siyasi blokunun bir hissəsi olan bir sıra qanunlar qəbul edib. O cümlədən Donetsk və Luqansk vilayətlərinin ərazisində yerli özünüidarənin xüsusiyyətləri haqqında qanun, amnistiya haqqında qanun. Lakin onlar qüvvəyə minmədi, çünki işğal olunmuş ərazilərdə yalançı, saxta, Kremldən ilham alan seçkilər (2014-cü ilin dekabrında respublikalarda başçı və parlament seçkiləri – “NQ”) keçirildi, orada bəzi saxtakarları, Kremlin oyuncaqlarını seçdilər. Orada yalançı hakimiyyət institutları – hansısa yalançı parlamentlər, yalançı nazirliklər yaradırlar. Bizim siyasi blokla (Minsk razılaşmalarının – “NQ”) bağlı müzakirələrə keçməmiz üçün bütün bu yalançı qurumlar ortadan qaldırılmalıdı”.

Rusiya münaqişədə iştirakını qəbul etməsə də, Ukrayna Donbasdakı vəziyyətə, həmçinin Minsk razılaşmalarının yerinə yetirilməməsinə görə bütün məsuliyyəti onun üzərinə qoyur. Bugünlərdə Ukrayna Müdafiə naziri Stepan Poltorak jurnalistlərlə söhbət zamanı yenə bəyan edib ki, “Praktiki olaraq dörd ildir RF, onun Donetsk və Luqansk vilayətlərində formalaşdırdığı terrorçu qruplaşmalar Minskdə üzərlərinə götürdükləri öz öhdəliklərini yerinə yetirmirlər… Razılaşmaların bütün maddələrinin əsası olan birinci maddə – atəşkəs yerinə yetirilmir. Bu, o əsasdır ki, yerinə yetirilməsindən sonra irəli getmək olar”.

Yəqin ki, bu tezislər bu gün Ukrayna-NATO Parlamentlərarası Şurasının iclasının gedişində müzakirə ediləcək. Ukrayna tərəfdən İrina Geraşenkonun çıxışı planlaşdırılıb, görüşdə Poroşenko administrasiyasının nümayəndələri və Ukrayna hökumətinin üzvləri iştirak edəcək. Danışıqlar ərəfəsində Ukrayna XİN bəyanat yayıb. Həmin bəyanatda deyilir ki, dörd il bundan əvvəl “Rusiya Ukraynaya qarşı öncədən planlaşdırdığı silahlı təcavüzə başlayıb”.

Bu sənəddə DXR/LXR hakimiyyətləri “oyuncaq” adlandırılıb. BMT missiyasının “Ukrayna-Rusiya sərhəddinin nəzarət olunmayan sahələri yaxınlığındakı rayonlar da daxil olmaqla, Donbasın işğal edilmiş bütün ərazisinə” yeridilməsinə çağırış vardır. Kiyev Qərb tərəfdaşlarına tənzimləmənin son məqsədini – “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi”ni xatırladıb.

Bu yanaşma sübut edir ki, Kurt Volkerin bəyanatı Ukrayna hakimiyyətinin görüşlərilə tam uyğundur. Ona görə də rəsmi Kiyev indi DXR/LXR-in aradan qaldırılması haqqındakı sözlərə hər hansı bir reaksiya vermədi, bu plan elə olması lazım olan bir plan hesab edilir.

Rusiyada duruma tamamilə fərqli baxırlar. Donbasdakı münaqişəni Ukraynadaxili münaqişə adlandırır, Ukrayna hakimiyyətinə onu Donetsk və Luqanskla birbaşa danışıqlar yolu ilə tənzimləməyi məsləhət görürlər. Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov Volkerin sözlərinə reaksiya verərək, sosial şəbəkədə yazıb: “Minsk razılaşmalarının pozulması üzrə ABŞ-ın xüsusi nümayəndəsi Volker, nə az, nə çox, LXR və DXR-in ləğv edilməsini tələb edir. Görünür, unudub ki, onlar Minsk razılaşmalarının bir hissəsidir. Və onların razılığı olmadan Donbasda heç bir sülhməramlı olmayacaq”.

Həm Kiyev, həm də Vaşinqton artıq bəyan edib ki, LXR və DXR-in razılığını soruşmaq niyyətləri yoxdur, belə ki, tanınmayan respublikalar beynəlxalq hüququn subyektləri deyillər (və müstəqil qurumlar kimi tanınmırlar).

Razumkov Mərkəzinin Hərbi proqramlar üzrə direktoru Nikolay Sunqurovskiy “Apostrof” nəşrinə verdiyi şərhdə qeyd edib ki, Rusiya sülhyaratma missiyası haqqında qətnaməyə veto qoyma hüququndan istifadə etməklə, BMT TŞ-də LXR/DXR-in mövqeyini müdafiə edə bilər. Bu kontekstdə Minsk razılaşmaları münaqişənin həllinə şərait yaratmır, daha çox mane olur. Ekspert belə izah edir: “Bu razılaşmalar çərçivəsində Rusiya həm münaqişənin rejissoru, həm də sülhməramlı kimi, yalnız təcavüzkar kimi deyil – necə xeyir edir elə çıxış edir”. Bununla birlikdə Sunqurovskiy xatırladıb ki, Minsk razılaşmaları “heç kim tərəfindən ratifikasiya edilməyib, onların hüquqi statusu sual altındadı, aydın deyil, o, kimə və nə öhdəlik qoyur”.

Ali Radanın “Xalq cəbhəsi”ndən olan deputatı Dmitriy Tımçuk hesab edir ki, əgər BMT TŞ-də Rusiyanın veto hüququnu ləğv etmək və BMT-nin sülhməramlı missiyası haqqında qərarı Ukrayna şərtlərində təsdiq etmək mümkün olsaydı, onda LXR/DXR çox dayana bilməzdi. O, Ukrayna KİV-lərinə deyib ki, prinsipial olan məsələ sərhədlər (Rusiya-Ukrayna sərhəddi – tərc.) üzərində nəzarətdir.

Ötən ilin sentyabr ayında Ali Radaya mesajla müraciət edən Pyotr Poroşenko əmin edib ki, Kiyev Donbasın nəzarətdən çıxan ərazilərini güclə geri almayacaq. O xatırladıb ki, regionda milyonlarla insan yaşayır və Ukrayna “öz vətəndaşlarını soyuqqanlılıqla məhv etməyəcək”. Poroşenko siyasi-diplomatik yolu münaqişənin tənzimlənməsinin öncəliyi adlandırıb. O, bunu yanvarda, Ali Rada Donbasda fəaliyyət strategiyasını təsdiq edərkən və fevralın sonunda, müvafiq qanunu imzalayarkən və qanun qüvvəyə minərkən də təkrar edib. Ukrayna prezidenti heç vaxt LXR/DXR-dən bəhs etmir, o, öz bəyanatları ilə bu respublikaların leqallaşmasına imkan vermir. O, həmişə deyir ki, bütün “müvəqqəti işğal olunmuş ərazilər” Ukrayna yurisdiksiyasına qaytarılmalıdır. DXR/LXR sisteminin ləğv edilməsi avtomatik olaraq nəzərdə tutulur.

Maraqlıdır ki, dünən, NATO təmsilçilərilə Odessa görüşü ərəfəsində Poroşenkonun sosial şəbəkələrdəki səhifəsində şəkil-şüar ortaya çıxıb: “USQ-ni (Ukrayna Silahlı Qüvvələri – tərc.) elə möhkəmləndirmək lazımdır ki, onlar yalnız müdafiə qabilliyyətli deyil, eyni zamanda işğal olunmuş əraziləri azad etmək qabiliyyətində olsunlar”.

Tərcümə Strateq.az-ındır