XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2018 - 12:36

Putinin ideoloqundan maraqlı açıqlamalar:"Hələlik Bakıya həyati əhəmiyyətli təhdidlər yoxdur..."

Dünyada baş verən proseslər birqütblüyün bitib, çoxqütblüyə keçidin formulu kimi qələmə verilir.

Bunu “Minval.az”a müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin söyləyib.

“Əgər çoxqütblülük prizmasından məsələyə baxılsa, o zaman istənilən ölkə arzu etdiyi yerdən silah ala bilər. Çoxqütblü dünyaya keçid prosesi də asan deyil. Dünya siyasətinin bu cür balans dəyişikliyi qanlı müharibələr hesabına olur. Suriyadakı uğurlardan sonra Rusiya özü haqqında böyük qütblərdən biri kimi bəhs edir. Rusiya Prezidenti Vladimir Putinin bir müddət öncəki çıxışı da buna həsr edilmişdi. Əlbəttə ki, bu, müəyyən reaksiyalara səbəb olur. Ona görə ki, Rusiya artıq ikinci lider kimi yox, çoxqütblü dünyanın qütblərindən biri kimi çıxış edir. Rusiya çox ölkələrin suveren siyasət yürütmə tabularını dəyişdirir. Ona görə də rus silahlarını əldə etmək istəyənləri sanksiyalarla təhdid edirlər. Burada söhbət həm də Rusiyaya dost olan Azərbaycandan gedir.

Bu məsələyə tam ciddi formada baxmaq lazımdır. Çoxqütblü dünya, eləcə də hərbi sferada suveren siyasət həyata keçirmək üçün aparılan mübarizə çətin şeydir. Etibarlı mənbələrimdən mənə məlum olanlara görə, Türkiyə NATO üzvüdür, amma rus silahına aktiv diqqət yetirir. Ankara gözəl anlayır ki, birqütblü dünyada o öz suverenliyini qoruya bilməz. NATO və Amerika suverenliyə əsas təhdiddir. Azərbaycan rəhbərliyində hansı geosiyasi baxış bucağının olduğunu dəqiq deyə bilmərəm. Bakı da Ankara kimi çoxqütblüyün vacib olduğunu anlayır. İstənilən halda Azərbaycan çox məsələlərdə Rusiyanın müttəfiqi olaraq qalır. Bizim hərbi əməkdaşlığımızı ABŞ-ın real sanksiyalarının dayandıra biləcəyini deyə bilmərəm. Hələlik Bakıya həyati əhəmiyyətli təhdidlər yoxdur. Azərbaycan hərbi planda çox yaxşı vəziyyətdədir”, – deyə o, bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 11 apreldə keçiriləcək prezident seçkisində Qərb və Rusiya maraqları toqquşmayacaq:

“Azərbaycanda çox stabil hakimiyyət var. Bu siyasət Heydər Əliyevin dövründə qurulub. İlham Əliyev isə öz növbəsində sosial, siyasi, iqtisadi sistem yarad bilib və onu heç nə təhdid etmir. Mən rusiyayönlü və qərbyönlü qüvvələr görmürəm. İlham Əliyevin ətrafında birləşən azərbaycanyönlü qüvvələr var ki, onlar da balansı müəyyən edirlər. Bu qüvvənin düşüncəsi Azərbaycanın suverenliyinin gücləndirilməsidir. Bu məsələdə sizin ölkədə konsensus mövcuddur. Fikrimcə, Azərbaycandakı seçkinin nəticəsi Rusiyadakı kimi artıq bəllidir”.

O, Qarabağın sülh yolu ilə həll edilə biləcəyini söyləyib:

“Bəzən analitiklər arzuolunanı reallıq kimi deyirlər. Mən razılaşa bilərəm ki, Qarabağda müharibə mümkündür. Müharibə təhdidi istənilən dövlətin siyasətində daimi faktordur. Qarabağ kimi problemlərin həll edilməməsi istənilən an birbaşa toqquşmalara səbəb ola bilər. Bu problemin sülh yolu ilə həllinə gəlincə isə, bəli, belə bir həll mümkündür. Məncə, münasibətlərin normallaşdırılmasına işğal edilmiş 7 rayondan beşinin qaytarılması yardım edə bilər. Bundan sonra situasiyanın həlli başlayacaq. Eyni zamanda bu, Ermənistan-Azərbaycan münasibətlərində blokadanın ortadan qalxmasına yardımçı olacaq. Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının strukturunda yer alsa, o zaman müharibə təhdidi azalacaq və sülh yolu ilə həll yaxınlaşacaq. Məncə, 2018-ci ilin sonlarına doğru Qarabağın həllində ciddi irəlləyişlərin olması barədə böyük şanslar var”.