XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2018 - 20:04

ABŞ TÜRKİYƏ İLƏ BAĞLI NƏ EDƏCƏYİNİ BİLMİR –Vaşinqton görüşü nələri üzə çıxardı? - Təhlil

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 09 mart 2018-ci il

 

Ankaradakı zirvə görüşündən sonra iki ölkə arasındakı təməl problemlərin müzakirə edilməsinin həvalə edildiyi üç komitə toplantılarından ilki dünən keçirildi. İki tərəfdən də nazir müavini və ya idarə müdiri səviyyəsində rəsmilərin iştirak etdiyi bu görüş Suriyaya həsr edilmişdi.

FETÖ məsələsi bir komitədə, İraq məsələsi də digərində müzakirə olunacaq, bu görüşlərin də ayın sonuna doğru reallaşması gözlənilir. FETÖ ilə əlaqədar olan komitədə Rusiyadan raket alınması, miqrasiya və viza məsələləri də müzakirə ediləcək. Bu komitədə ABŞ tərəfinin Türkiyədə həbsdə olan rahib Brunson məsələsini də masaya gətirəcəyi gözlənilir.

Bu konyuktura səbəbilə, Xarici işlər naziri Mövlud Çavuşoğlunun 19 martda Vaşinqtona edəcəyi səfər daha da önəm qazanıb. Çavuşoğlunun Vaşinqton təmaslarını Moskvaya səfərindən sonra həyata keçirəcək olması onun Xarici işlər naziri Reks Tillersonla aparacağı danışıqların daha da önəm qazanmasına yol açıb.

Aradakı saat fərqi səbəbilə, bu yazını yazmalı olduğum zamanda ilk komitədəki görüşlərin məzmunu ilə bağlı ABŞ mənbələrindən məlumat ala bilməmişəm. Bu məlumatı, böyük ehtimalla, etibarlı mənbələrdən Türkiyə saatı ilə sabaha yaxın alacağam.

Amma bunu söyləməliyəm: görüşün başlayacağı saata qədər ABŞ tərəfinin Türkiyənin gözlədiyi bir məzmunlu toplantıya yeni təkliflər gətirmə durumu heç yox idi. Doğrusunu desək, ABŞ tərəfi bu günədək məsələlər haqqında çox hazırlıq belə görməyiblər, sanki sadəcə öncədən əllərində mövcud olan dosyelərlə komitəyə gəlmək niyyətində idilər. Əgər komitə toplantısı davam edərkən sürpriz bir hadisə olmadısa, – bunun olacağı haqqında ən kiçik bir işarə də yox idi, – ilk komitə toplantısının elə də uğurlu keçməsi ehtimalı çox deyil.

İndi Suriya məsələsində, gözlənildiyi kimi, dalana girildiyi təqdirdə Vaşinqtonda nələrin ola biləcəyini ABŞ hakimiyyətinə yaxın olan mənbələrlə danışdım. Bu şəxslərin dediklərinin xülasəsi isə aşağıdakı kimidir.

 

ABŞ niyə hazırlıq görmədi?

 

1. Türkiyənin son dərəcə detallı hazırlıq görərək, məzmunlu dosyelərlə girdiyi bu ilk komitə toplantısına ABŞ-ın nə üçün heç bir hazırlıq görmədiyilə bağlı sualıma bir qaynaq belə cavab verdi: “Türkiyə, keçmişdə olduğu kimi, önəmli toplantılar öncəsi (Vaşinqtonda – tərc.) qurumlar arasında rəsmi mövqe və siyasətin müəyyən edilməsi kimi bir prosesin olmadığını görməlidi. Türkiyə hələ də belə olduğunu düşünərək, alternativ inkişaf ssenariləri hazırlayır. “Əgər bu olmazsa, bunlar olur” və ya “Pentaqon bunu deyərsə, Xarici İşlər Nazirliyi də belə düşünür” kimi bəzi fərziyyələrlə dosyelər hazırlayıb. Bu cür hazırlıqlar köhnə Vaşinqtona uyğun idi, artıq o şəhər yoxdu.

İndi vəziyyətin necə olduğunu anlamaq üçün Trampın baş iqtisadi müşaviri Qeri Konun (Gary Cohn) istefasına baxın. Kon niyə istefa verdi? Çünki alüminium və polad idxalına qoyulan yeni tariflərə qarşı idi. Və bu məsələ ilə bağlı olaraq hər bir qurumdan görüş alınmasının və bunun müzakirə olunmasının lazım olduğunu söyləyirdi. Amma bu olmadı və Tramp müşavirinin fikrini soruşmadan qərar alıb tətbiq etməyə başladı, o da istefasını verdi.

Baş verən bu proses Konun istefasından çox önəmli bir məsələdir və ABŞ hakimiyyətinin bu anda içində olduğu durumu göstərir. İndi dövlət daxilindəki qurumlar arasında nə koordinasiya var, nə də dialoq. Bu, Kon hadisəsində olduğu qədər, Türkiyə məsələsində də keçərli olan bir durumdur. İqtidarın bu ilk komitə toplantısına hazırlıqsız girməsinin təməlində yatan həqiqi səbəb budur”.

2. Əslində, həqiqi bir həlldən uzaq görünən problemlərin komitəyə həvalə edilməsi ABŞ Xarici İşlər Nazirliyinin diplomatik zaman qazanma manevri idi. Başda Pentaqon olmaqla, digər qurumlardan çox töhfə ala bilmirlər. Ala bilməmələri bir yana, Pentaqon öz bildiyini oxumağa davam edir.

 

İlkər Başbuğun təmasları

 

3. Pentaqonda da işlər Türkiyənin keçmişdə adət etdiyi kimi deyil. Keçmişdə Pentaqonda mütləq Türkiyə ilə yaxşı münasibətlərin davam etdirilməsini müdafiə edən bir qrup olardı, onlar da Türkiyə Baş qərargahı ilə dialoqu açıq tutardı. Ancaq indi bu qrup da yoxdu. Bunu ən aydın şəkildə bugünlərdə Vaşinqtona, böyük ehtimalla, keçmiş əlaqələrinə güvənərək, “Zeytun budağı” hərəkatını anlatmaq üçün gələn İlkər Başbuğ da görmüş olmalıdı.

Bu aralar Pentaqonda Türkiyə haqqında dövlət şüuru ilə soyuqqanlı və təmkinli düşünə bilən adam tapmaq çətindir.

 

Sərt mövqe tərəfdarları

 

4. Bu gün Vaşinqtonda Türkiyəyə qarşı necə mövqe tutulması məsələsində iki qrup mövcuddur: başını Xarici İşlər Nazirliyinin çəkdiyi “yumşaq yanaşanlar” və Pentaqonun çəkdiyi “sərt yanaşanlar”. Suriya məsələsinin müzakirə olunduğu ilk toplantının bir həll yolu tapılmadan nəticələnməsi durumunda sərt mövqe tərəfdarlarının əlindəki arqumentlərin daha da güclənəcəyi söylənilir. Ancaq burada olan qaynaqlar, bu qrupun genişlənməsinin iki ölkə arasındakı əlaqələrin həmən qırılması anlamına gəlmədiyini də söyləyir. Onlar məsələnin daha üst səviyyədə bir daha müzakirə olunmasının gözləndiyini ifadə edirlər.

5. Ancaq Vaşinqtonda sərtlik tərəfdarı olan qrup daxilindəki bir alt qurum “Zeytun budağı” hərəkatı başlamadan öncə Türkiyənin Moskvaya “əməliyyat gedişində Vaşinqtonla əlaqəsini qoparacağını” söylədiyini düşünərək, bu qaçınılmaz hadisənin olması durumunda, başda İncirlik kimi bazaların vəziyyəti daxil olmaqla, nələrin edilməsinin lazım olduğunu planlaşdırmağa başladı belə.

Tərcümə Strateq.az-ındır