XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

17 Mart 2018 - 17:26

Daha bir partiya sədrinin namizədliyi qeydə alındı – Prezidentliyə iddialıların sayı 8-ə çatdı+ SİYAHI

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK-dan Starteq.az-a verilən məlumata görə, iclasda 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi məsələsinə baxılıb. 

Komissiya üzvlərinin müzakirəsindən sonra ödənişsiz əsaslarla efir vaxtının bölgüsü məqsədilə MSK-nın 3 üzvündən və Katibliyin Media və ictimai əlaqələr şöbəsinin müdirindən ibarət tərkibdə püşkatma komissiyasının yaradılması və püşkatmanın 2018-ci il martın 19-u saat 16:00-da MSK-nın inzibati binasında keçirilməsi qərara alınıb.

Komissiya 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədlərin qeydə alınması məsələsinə də baxıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Calal oğlu Məmmədovun namizədliyi qeydə alınıb.

Prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı ilə Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən namizədliyi irəli sürülən Əli Əliyevin də namizədliyi qeydə alınmayıb.

İclasda daha sonra MSK-nın qərarı ilə seçkilərdə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar tərəfindən təqdim olunan vəkil edilmiş şəxslər qeydə alınıb.

Komissiyanın iclasında bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Siyasi partiyaların və prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələrinin, beynəlxalq müşahidə missiyalarının təmsilçilərinin, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb. 

Onu da bildirək ki, Sərdar Cəlaloğlunun namizədliyinin qeydə alınması ilə Prezidentliyə namizədlərin sayı 8-ə çatıb. 

Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur.