XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

28 Aprel 2018 - 02:11

TRAMP SUDAN QURU ÇIXIR –Kəşfiyyat Komitəsi Rusiya ilə əlaqələrə dair hesabatını açıqlayıb

ABŞ Nümayəndələr Palatasının aparıcı qurumlarından Kəşfiyyat Komitəsi Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsinə dair iddiaların təhqiqatının nəticələri barədə hesabatı açıqlayıb. Hesabatda Tramp seçki kampaniyasının Rusiya ilə sövdələşməyə girmədiyi bəyan edilir.

Beləliklə, aprelin 27-də açıqlanmış 270 səhifəlik hesabat partiya mənsubiyyəti prinsipi ilə kəskin parçalanmış komitənin aylardır apardığı araşdırmaya son qoyub. Bu komitədə respublikaçılar çoxluq təşkil edirlər.

Komitənin demokrat üzvləri həmkarlarını Trampı himayə etmək və ABŞ kəşfiyyatnın tapıntılarını gözdən salmaq cəhdində ittiham ediblər. Respublikaçılar isə bildirirlər ki, ABŞ-ın kəşfiyyat orqanları ifrat siyasiləşib.

Hesabatda Tramp kampaniyasının Rusiya ilə sövdələşməyə girmədiyi hökm edilsə də, sənəd Rusiyanın Birləşmiş Ştatlarda hakerlik, kiberhücumlar və Facebook kimi sosial şəbəkələr vasitəsilə çaşqınlıq və ixtilaf yaratmaq cəhdində bulunduğu təsdiq edilir.

Sənəddə qeyd olunur ki, Rusiya son on ildə Qərbə qarşı “informasiya müharibəsi” aparır.

Hesabatda habelə Tramp kampaniyası Demokrartik Partiyanın serverlərinə və e-maillərinə müdaxilə etmiş “WikiLeaks”lə əlaqələrinə görə tənqid olunur.

Bu hesabatın ictimaiyyət üçün açıqlanmalı versiyası kəşfiyyat orqanlarının ricası ilə ağır redaktəyə məruz qalıb. Belə bir redaktə respublikaçı millət vəkili Mayk Konavey tərəfindən kəskin tənqid olunub. Millət vəkili daha çox təfərrüatların açıqlanmasının tərəfdarıdır.

Komitənin aparıcı demokrat üzvü Adam Skiff respublikaçı həmkarlarını müvafiq təfərrüatları nəzərə almadıqlarına görə tənqid edib.

Skiff deyib ki, respublikaçılar Tramp kampaniyasının Rusiya ilə sövdələşdiyini aydın şəkildə göstərən məqamların üstündən sükutla keçiblər.

Konqres komitələrində aparılan üç ayrı-ayrı təhqiqatla yanaşı, Rusiyanın seçki müdaxiləsini habelə xüsusi prokuror Robert Müller araşdırır. Onun təhqiqatı indiyədək 19 nəfərə və üç şirkətə qarşı cinayət işlərinin qaldırılması ilə nəticələnib.

Barələrində cinayət işi qaldırılanların arasında Trampın keçmiş kampaniya başçısı və onun ilk milli təhlükəsizlik müşaviri də var. Müttəhimlərdən beşi təqsirlərini etiraf edib.

 Sövdələşmə barədə ittihamları dəfələrlə rədd edən Tramp Konqres komitəsinin hesabatını onun təqsirsizliyini göstərən sübut kimi alqışlayıb: “İndicə Nümayəndələrin Kəşfiyyat Komitəsinin hesabatı açıqlanıb. Tramp kampaniyasının Rusiya ilə “sövdələşməyə, koordinasiya və qəsdə girdiyinə dair heç bir sübut yoxdur”. Klinton kampaniyası Rusiyadan alınmış müxalif araşdırmaya haqq ödəyib! Tam bir əcinnə ovu – DƏRHAL DAYANDIRILMALIDIR!”
Azadlıq Radiosu