Bakıda vaxtilə “Trump Tower” kimi tanınan 32 mərtəbəli binada baş vermiş ikinci yanğın da söndürülüb.
Strateq.az xatırladır ki, bu gün günorta saatlarında paytaxtın Yusif Səfərov küçəsində yerləşən, yaşayış olmayan hündürmərtəbəli binada baş verən və 3 saata yaxın davam edən yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülsə də, o, axşam saatlarında yenidən və daha güclü şəkildə alovlanmışdı.
Gecə saatlarında verilən rəsmi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri artıq yanğının tam söndürülməsi işini başa çatdırıblar.
Onu da xatırladaq ki, yanğının baş verdiyi bina sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğundan və vaxtilə ABŞ-ın indiki prezidenti Donald Trampın adını daşıdığından, bu binada eyni gündə iki dəfə yanğın hadisəsinin baş verməsi sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb…
Xüsusən də ABŞ prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktub ətrafında ölkədən kənar media qurumlarında polemikaların şiddətləndiyi bir ərəfədə bu yanğın hadisəsinin baş verməsi arxasında ciddi siyasi çalarların durduğu təxribat kimi dəyərləndirilməkdədir.
Rəsmi qurumlar isə hələlik yanğının səbəbləri haqda hər hansı açıqlama verməyiblər. Yalnız Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bəzi saytlarda və soial şəbəkələrdə kiminsə yanğından xilas olmaq üçün özünü binadan atdığı haqda yayılmış məlumatları təkzib edib və bunu “tam əsassız və yalan xəbər” sayıb.