Mayın 2-də Estoniyada 16 ölkədən 13 min hərbçinin iştirakıyla beynəlxalq hərbi təlim başlanıb.
Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, “Siil” (“Kirpi”) adı verilmiş bu təlim mayın 14-dək davam edəcək.
Bildirilir ki, Estoniya 1991-ci ildə keçmiş Sovet İttifaqından müstəqillik qazanandan bəri, bu, ən böyük hərbi məşq sayılır. Təlimin bir hissəsi qonşu Latviyada keçiriləcək.
Estoniya ordusundan başqa, 15 ölkədən 2 min hərbçi məşqlərdə iştirak edir.
Estoniya, Latviya və Litva Rusiyayla həmsərhəddir. NATO və Avropa Birliyinə üzv olmalarına baxmayaraq, onlar Moskvanın regiondakı niyyətlərindən narahatdırlar. Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra bu narahatlıq daha da artıb.