ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsindən sonra başda Qəzza olmaq üzrə Fələstinin dörd bir yanında başlayan etirazlar davam edəcək.
Strateq.az xəbər verir ki, bu barədə Fələstinin prezidenti Mahmud Abbas bəyanat verib.
O, İsrail əsgərlərinin bu gün 52 etirazçını öldürməsi, 2 mindən çox yaralamasına sərt təpki verərək, bildirib ki, Fələstin fələstinlilərin torpağıdır.
Fələstin lideri bundan sonra da etiraz aksiyalarının davam edəcəyini bəyan edərək, İsrail və ABŞ-a meydan oxuyub: “Bu torpaqlar bizimdir, atalarımızın torpaqlarıdır. Xalqımız heç bir şəkildə etirazlardan əl çəkməyəcək. Heç bir formada bu aksiyalara son verməyəcəyik. ABŞ isə bu hərəkəti ilə (səfirliyin köçürülməsini nəzərdə tutur – Strateq.az) vasitəçi haqqının və danışıqlar prosesinin kənarına çıxdı. Amerikanın Yaxın Şərqdəki sülh prosesində artıq vasitəçi haqqı yoxdur. Bu haqqı itirdilər. Biz onların vasiətçiliyini qətiyyətlə rədd edirik, qəbul etmirik”.
Sonda Mahmud Abbas bu gün baş verən toqquşmada öldürülənlərə görə Fələstində 3 gün matəm elan edildiyini də deyib.