XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2018 - 17:20

Tomas de Vaal Ermənistanın yeni hökumətindən yazdı:“Paşinyan Qarabağ məsələsində səhv edir”

 

 “Ermənistanda Serj Sarkisyanın baş nazir postundan getməsi, müxalifətçi Nikol Paşinyanın hakimiyyətə gəlməsiylə sonuclanan inqilab hələ tam bitməyib”.

Karnegi Avropa fondunun aparıcı əməkdaşı Tomas de Vaal bu inqilabın Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə təsirindən byazır. Müəllifin fikrincə, Paşinyan hökumətinin münaqişəylə bağlı mövqeyi yanlışdır. 30 ildir davam edən münaqişə üzrə danışıqlar prosesinə bir az silkələnmə lazımdır, ancaq elə çox da deyil.

“Münaqişəyə dair ilk hərəkətlərində və şərhlərində Pashinyan hadisələri silkələyib. O, diplomatdan çox kütlədən biri kimi danışıb, deyib ki, Qarabağ Ermənistanın ‘ayrılmaz hissəsi’dir. Baş nazir seçiləndən bir gün sonra Pashinyan Qarabağa 9 may qələbə tədbirlərinə qatılıb. Orada deyib ki, Qarabağ erməniləri ‘danışıqlarda birbaşa iştirak etməli, danışıqlar masasına əyləşməlidir’”, – yazan müəllif bu sərt yanaşmanı qismən yerli siyasətə bağlayır. Onun fikrincə, Paşinyan 1990-cı illərdə müharibədə savaşmış, Ermənistanı son 20 ildə idarə etmiş iki Qarabağ ermənisinin yoluyla gedir və Qarabağ ermənilərini əmin etmək istəyir ki, onları müdafiə edəcək. Ancaq digər tərəfdən, əksər ermənilərin kompromisə getməməklə bağlı qatı yanaşmasını nəzərə alanda Paşinyanın səmimi olduğunu da söyləmək olar.

“Təhlükə ondadır ki, Ermənistan lideri Dağlıq Qarabağın suverenliyini açıq bəyan edirsə, ətrafdakı Azərbaycan torpaqlarının qaytarılmayacağını deyirsə, Bakıyla danışmağa bir şey qalmır və tərəflər müharibəyə yol almış olur. 2016-cı ilin dördgünlük müharibəsi 200-dək ölümə səbəb olub, atəşkəs hələ də pozulur, bir Azərbaycan əsgəri mayın 20-də öldürülüb”, – Tomas de Vaal yazır.

Ekspert münaqişənin həllindən ötrü ATƏT-in Minsk qrupunun hazırladığı baza prinsipləri sənədində iki əsas elementin olduğunu yada salır: Azərbaycan Qarabağ ermənilərinin özünüidarə hüququnu tanıyır; Ermənistan Qarabağ ətrafında işğal etdiyi ərazini qaytarır, bircə Ermənistanla quru dəhlizini saxlayır. “Dağlıq Qarabağın statusunun ilkin mərhələdə qeyri-müəyyən qalması daha faydalıdır ki, tərəflər digər məsələlər üzrə razılığa gəlsinlər”, – yazan De Vaal bu ideyalara regionda az adamın inandığını, danışıqların son 15 ildə uzandığını qeyd edir.

“Ermənistana qarşı aqressiv ritorika səsləndirməyə qadir olan Azərbaycan prezidenti ilham Əliyev indiyədək sakitliyini qorumaqla düzgün hərəkət edib, yalnız müdafiə naziri döyüşkən şərhlər verib, Xarici İşlər Nazirliyinin sözçüsü isə daha diplomatik bəyanatlarla etirazını bildirib”, – məqalədə deyilir.

Ancaq Azərbaycan prezidenti də nə vaxtadək dinməyəcək? Paşinyan və silahdaşları bu tezliklə barışdırıcı mövqe sərgiləyənə oxşamırlar. Deməli, Ermənistanın münaqişənin həllinə dair yeni, möhkəm mövqe ortaya qoymağı bir neçə ay çəkə bilər.

Thomas de Vaal qısa müddətdə müsbət ssenarilərin mümkün olduğunu vurğulayır. Onun fikrincə, Ermənistanın yeni xarici işlər naziri Zohrab Mnatskaniyan aşırı ehtiyatlı sələfi Eduard Nalbandiyandan fərqli olaraq yeni düşüncə sərgiləyə bilər. Mnatskaniyan ölkənin Avropa Birliyi ilə Assosiasiya Razılaşması danışıqlarına rəhbərlik edib. AB də prosesə daha artıq nəfəs verə, Minsk qrupunu dəstəkləməklə daha fəal rol oynaya bilər.

Siyasi xal qazanmaq amilini kənara qoysaq, Qarabağ ermənilərinin danışıqlarda iştirakı da birbaşa prosesə dəxli olan məsələdir. Hər halda, müzakirəyə onların doğma torpağının taleyi çıxarılır. 1998-ci ilədək danışıqlara qatılırdılar. Sonra keçmiş liderləri Robert Köçəryan Ermənistan prezidenti oldu və qərara gəldi ki, onların adından danışa bilər. Bu, Azərbaycanın xeyrinə idi, çünki münaqişənin Bakı və Yerevan arasında getdiyini təsbit etmək istəyirdi. Qarabağ ermənilərinin, eləcə də köçkünə çevrilmiş Qarabağ azərbaycanlılarının səsi eşidilməlidir. Onları danışıqlara daxil etməklə konstruktiv töhfə verib-verməyəcəklərini də sınamaq olar. Qısası, can üstdə olan sülh prosesinin canlanmaya ehtiyacı var. Amma Ermənistanın yeni liderləri küçədə qazandıqları legitimlikdən ehtiyatla istiafdə etməlidirlər. Qarabağ danışıqları prosesi həssas strukturdur. Onun iflası ancaq bir yola – yeni münaqişəyə apara bilər”, – Tomas de Vaal yazıb. (Azadlıq Radiosu)