İsa Sadıqov iddialara cavab verdi

İ.Sadıqov: “Bu, ona işarədir ki, onun qatilləri tapılmayacaq”
Rusiya mətbuatı tanınmış siyasətçi Boris Nemtsovun ölümündə yeni versiyalar irəli sürüb. “İzvestiya” saytının yazdığına görə, Nemtsovun ölümünü araşdıran istintaq briqadası onun qətlində Ukrayna izinin olduğunu istisna etmir. Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə qətlə yetirildiyi iddia edilən Nemtsovun ölümünü isə Cövhər Dudayev adına çeçen batalyonunun təşkil etdiyi iddia olunur.
Hüquq-mühafizə orqanlarında olan mənbənin məlumatına görə, qətlin təşkilatçısı həmin bölüyün hazırkı komandiri, Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlamaqda ittiham edilərək haqqında cinayət işi açılan Adam Osmaev və onun həyat yoldaşı Amina Okuevadır.
Nəşr yazır ki, Ukrayna hüquq-mühafizə orqanlarının planına əsasən, müxalifətçinin ölümü Rusiya rəhbərliyini gözdən salmalı, eləcə də siyasi sabitliyi pozmalı idi. Mənbə həmçinin bildirib ki, istintaq qrupunda siyasətçinin ölümündə Ukraynanın əlinin olmasına dair bəzi sübutlar var.
Yazıda həmçinin qeyd edilir ki, Nemtsovun qətlində qisas faktoru da rol oynaya bilər. Belə ki, 2014-də yaradılan Cövhər Dudayev adına batalyonun qurucusu, həmçinin Donbasda Ukrayna silahlıları tərəfindən vuruşan çeçen əsilli İsa Munayev bu ilin fevralın 1-də döyüşlərdə öldürülüb. Nemtsovu öldürməklə çeçen döyüşçüləri Ukraynanın sifarişini yerinə yetirməklə yanaşı, öz komandirlərinin qisasını da almış olublar.
Ən maraqlısı isə, Munayevin yaratdığı və terrorçuları maliyyələşdirməkdə ittiham olunan “Azad Qafqaz” hərəkatının tərkibində azərbaycanlı polkovnikin də adının hallanmasıdır. Belə ki, batalyonun qərargah rəisinin Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş və hazırda axtarışda olan İsa Sadıqov olduğu iddia edilir.
İ.Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər belə bir şayiə yayılıbsa, bu, B.Nemtsovun qatillərinin gerçək tapılmayacağına işarədir.
Müsahibimiz xatırlatdı ki, bundan öncə Anna Politkovskayanın, Maqnitskinin, Estemirovanın, Litvinenkonun da qatilləri də tapılmayıb: “Boris Nemtsovun ölümündə ancaq və ancaq Putin rejimi maraqlı idi. Bilirsiniz ki, Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüşlər təşkil edirdi. Yaz, yay aylarında böyük tədbirlərə təkan verməli idi və Rusiyanın müharibədə iştirakını sənədlərlə sübut etməyə hazırlaşırdı. Bilirsiniz ki, vəziyyət Rusiyada dəyişir, sanksiyalar, müharibə və sair problemlər Rusiyanı bürüyür. Və belə bir prosesdə Nemtsovun ölümündə Ukrayna yox, ilk növbədə Putin rejimi maraqlı idi”.
Müsahibimiz bildirdi ki, Ukrayna xüsusi xidmət orqanlarının bu qətli təşkil etməsi versiyası da gülünc versiyadır. Onun fikrincə, bu versiyanı ortalığa atmaqla ruslar bu qətli araşdırmaq fikrində olmadıqlarını göstərirlər: “öz günahlarını gizlətmək üçün o qədər adlar çəkəcəklər ki, fikir verməyin. Nemtsovun ölümündə bir nəfər maraqlı idi, o da Putin. Konkret niyə mənim adımı hallandırmalarına gəlincə, axı onlardan əvvəldən versiyalardan biri kimi xarici qüvvələrin iştirakını demişdilər”.
İ.Sadıqov dedi ki, bu şayiədən sonra ona heç bir təzyiq olmayıb və ola da bilməz: “Mən burada göz qabağındayam”.