XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 İyun 2018 - 18:59

Etimad İsmayılov hakimiyyəti Rusiyanı dinləməməyə çağırdı:"Azərbaycan öz imkanlarıyla ərazi bütünlüyünü təmin etməlidir"

“Rusiya Xarici İşlər naziri Lavrovun Dağlıq Qarabağla bağlı fikirləri Azərbaycan hakimiyyətinin uğursuz siyasətini göstərir. Neft hasilatından gələn bu qədər xarici valyuta və potensial imkanlar müqabilində ölkəmizin ərazi bütövlüyünü onun-bunun himayəçiliyi ilə bərpa edilməsi cəhdi ürəkağrıdıcıdır. Azərbaycanın milli sərvətlərinin talanı və bütün vəsaitlərin hakimiyyətin qorunmasına sərf olunması bu cür də nəticələnməliydi”.

Strateq.az xəbər verir ki, bu fikirləri hazırda Türkiyədə yaşayan Ədalət partiyasının sədr müavini Etimad İsmayılov Ovqat.com-a açıqlamasında deyib.

Sergey Lavrovun BMT-nin Baş katibi Antonio Quterreşlə Moskvadakı görüşündən sonra jurnalistlərin sualını şərh edərkən Dağlıq Qarabağla bağlı dilə gətirdiyi fikirlərə münasibət bildirən E.İsmayılov qeyd edib ki, bu qənaət təkcə Rusiya xarici işlər nazirinə xas deyil: “Dağlıq Qarabağ münaqişəsinin həllində BMT TŞ-nın qətnamələrinin deyil, Minsk qrupunun sonu görünməyən müzakirələrinin əsas alınması fikrini Rusiya ilə yanaşı, ABŞ, Fransa və digər Avropa ölkələri də müdafiə edirlər. Hətta BMT-də Azərbaycan məsələsi müzakirə edilərkən, həm İngiltərə, həm Fransa, həm də ABŞ rəsmən bizim ərazi bütövlüyümüzü tanımayıblar. Bu fakt BMT-nin saytında indiyə qədər qalır. Odur ki, Azərbaycan hakimiyyəti kimin nə dediyinə fikir verməməli, öz ərazi bütünlüyünü öz imkanları çərçivəsində həll etməyə çalışmalıdır”.

Azərbaycanın ərazi bütövlüyü məsələsinə Qərb ölkələrinin barmaqarası baxmasının başlıca səbəbinin dini və milli kimliyimizdən qaynaqlandığını bildirən Etimad İsmayılovun fikrincə, mövcud hakimiyyətin də Qarabağ problemini həll etmək istəyi və qabiliyyəti yoxdur: “Qərb dövlətlərinin məsələyə ermənipərəst mövqedən yanaşması sirr deyil və hardasa, başadüşüləndir. Onlar Azərbaycan kimi bir türk və islam ölkəsinin güclənməsini, Türk və müsəlman xalqları arasında sarsılmaz körpü rolunu oynamasını istəmirlər. Bunun bir müddətdən sonra yeni qlobal güc mərkəzinin meydana gəlməsiylə nəticələnəcəyindən xoflanırlar.

Bizimkilərin Qarabağ məsələnin həllində maraqlı olmamasının isə bir neçə səbəbi var. Əvvəla, problemin hərb yoluyla həlli ölkəmizin təbii sərvətlərinin xarici neft və qaz şirkətləri tərəfindən istismarına son qoya bilər. Nəticədə hakimiyyətdəki bəzi qüvvələrin öz talançı siyasətlərini davam etdirməsi çətinləşər. Bundan savayı, müharibənin gedişində qarşılaşacaqları kiçik bir uğursuzluq nəticəsində hakimiyyətlərini itirməkdən qorxurlar. Çünki özləri də bu yolla hakimiyyətə gəliblər. Sözsüz ki, Qarabağ müharibəsi başlasa, milləti səfərbər edib silahlandırmalıdırlar. Bu isə indiki kimi represiya siyasətini davam etdirməyə imkan verməz”.

Hakimiyyətin Dağlıq Qarabağ münaqişəsində maraqlı olmadığı və başını ölkə sərvətlərini talamağa qatdığını görən xarici güc mərkəzlərinin rəsmi Bakıdan güzəşt tələb etməsinin qeyri-adi olmadığını düşünən həmsöhbətimiz problemin indiki vəziyyətə gəlib çıxmasında xarici dövlətlər qədər, özümüzünkülərin də günahkar olduğuna inanır.

Xatırladaq ki, Sergey Lavrov təpkiyə səbəb olan həmin  çıxışında deyib: “Sözügedən (BMT TŞ-nın) qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib. Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı. Nəticədə, istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT-in Minsk qrupu yaradıldı və bu çərçivədə qalan bütün məsələlərin, o cümlədən ərazilərin azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə problemin siyasi həllinə nail olunması qərara alındı. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar və Fransa ilə birlikdə bununla məşğuldur. Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üzərində işləyirik. Bu prosesin başa çatması üçün münaqişə tərəfləri arasında konsensus olmalıdır. Əminəm ki, bu istiqamətdə irəliləyən kimi, münaqişənin nizama salınması daha yaxın olacaq”.