XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

27 İyun 2018 - 21:33

Azərbaycanın nazir müavini Ermənistanda QDİƏT-in iclasında:"İşğalçılıq siyasəti sizi regional əməkdaşlıqdan kənarlaşdırır"

Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev bu gün Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının Ermənistanda keçirilən iclasında iştirak edib.

Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin  Strateq.az-a verdiyi məlumata görə, Yerevanda keçirilən iclasda nazir müavini Mahmud Məmməd-Quliyev çıxış edərək hərbi münaqişə və davam edən işğalın regionun iqtisadi-ticarət potensialından tam istifadə etməyə imkan vermədiyini qeyd edib.

Mahmud Məmməd-Quliyev əlavə edib ki, Ermənistanın Azərbaycanın ərazilərini işğaldan azad etməməsi və öz qoşunlarını çıxarmaması nəticə etibarilə Ermənistanın özünü ticarət, sərmayələr, nəqliyyat, enerji və digər sahələrdə regional əməkdaşlıqdan kənarlaşdırır. Azərbaycana qarşı davam edən işğalın Ermənistanın özünü iqtisadi artım və ticarət imkanlarından məhrum etdiyini deyən nazir müavini regionda dövlətlərin bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə hörmət və beynəlxalq hüququn norma və prinsipləri əsasında regional əməkdaşlıq və ticarət münasibətləri qurmalı olduğunu diqqətə çatdırıb.

Mahmud Məmməd-Quliyev Azərbaycana qarşı işğalın davam etməsinin bunun bu gün regionda mövcud olan və təəssüf doğuran reallıq olduğunu qeyd edərək, məsələlərə düzgün yanaşılmasının və problemləri öz adları ilə çağırılmasının vacibliyini gündəmə gətirib.

QDİƏT-in məqsəd və məramlarının dövlətlərdən birinin digərinin ərazi bütövlüyü və təbii resurslarına iddia irəli sürmədiyi sabitlik və sülh məkanı yaratmaq olduğunu xatırladan nazir müavini Azərbaycanın heç kimə qarşı hər hansı iddiasının olmadığını, əksinə sabit, etibarlı və mehriban qonşuluğun hökm sürdüyü mühiti təmin etmək üçün sərmayə yatırımı, ticarət və qarşılıqlı faydalı əməkdaşlığa çalışdığını vurğulayıb.

Həmçinin, çıxışı əsnasında Mahmud Məmməd-Quliyev QDİƏT-in ehtiyac duyduğu islahatlara, nəticə yönümlü sahəvi əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə də diqqəti çəkib.