XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

03 İyul 2018 - 14:29

İşığımızı korrupsiya söndürüb –İqtisadçı ekspertlər enerji böhranının səbəbini açıqladılar

İqtisadçılar  – Natiq Cəfərli və Vüqar Bayramov ölkədə yaranmış enerji böhranının səbəbi barədə fikirlərini açıqlayıblar.

N.Cəfərli rəsmi məlumatda “temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi nəticəsində həddindən artıq yüklənmə” fikrini qəbuledilməz hesab edir.

O, Meydan TV-yə deyib ki, əslində, hökumət bu izahla qurduğu infrastrukturun yükləmələrə dözmədiyinə haqq qazandırmaq niyyəti güdür: “Amma indiyə qədər elektrik enerjisinin alt yapısının qurulmasına 4-5 milyard manat xərclənib, “Azərenerji” buna görə beynəlxalq qurumlardan kredit götürüb. Bir sözlə, qoyulan vəsaitlərin dayanıqlı olmadığı iyulun 2-dən 3-nə keçən gecə üzə çıxdı. Səbəb korrupsiya amili və dayanıqlı, normal infrastrukturun qurulmamasıdır”.

Ekspert sual edib ki, ölkə niyə bir mənbədən asılı olmalıdır?

“Artıq yükləmələr olan kimi sistemdə problem yaranır. Bəli, dünyanın müxtəlif ölkələrində belə qəzalar olur. Sadəcə, alternativ mənbələr işə düşür və problem aradan qaldırılır. Təsəvvür edin, gündüz olsaydı, insanlar metroda, liftlərdə qalar faciələr yaşanardı. Yaxud reanimasiya şöbələrində işıqın kəsilməsi nələrə səbəb olardı?!”

N.Cəfərli xatırladıb ki, hökumət Azərbaycanın enerji istehsalçısına çevrildiyini, ixraacatı ilə məşğul olduğunu daim bəyan edir: “Əsas problem odur ki, qoyulan vəsaitin insanların normal şəkildə elektrik enerjisi ilə təmin olunmasına kifayət etməyib. Hətta Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi ixraacatçısına çevrilib, ancaq yerli vətəndaşlar artyıq yükləmərdən əziyyət çəkir. Artıq yükləmələrin qış və yay aylarında olması təbiidir, gərək, infrastrukturu buna hazırlıqlı hala gətirsinlər. Bütün ölkənin bir enerji blokundan asılı olması kifayət qədər ciddi problemlərdən xəbər verir və deməli, qurulan infrastruktur müasir tələblərə cavab vermir”.

İqtisadçı Vüqar Bayramov baş verən hadisənin bir neçə məsələnin aktuallaşdırdığını bildirib:

“2-3 iyul olayı kommunal xidmətlərdə idarəetmənin özəl sektora verilməsini bir daha aktuallaşdırıb. Son hadisə göstərdi ki, mavi qazın, içməli suyun, elektrik enerjisinin satışı və təminatı daxil olmaqla digər xidmətlərin dövlətdən alınaraq özəl sektora verilməsi səmərəliliyi artırar və həm də şəffaflığı gücləndirər. Bütövlükdə kommunal xidmətlərin və elektrik enerjisinin istehsalı və satışında müasir texnologiyadan istifadə edilməsi ilə nəticələnər”.

O, təəssüfünü bildirib ki, kommunal xidmətlərin təminatında və satışında hələlik özəl sektorun aktiv iştirakı müşahidə olunmur:

“Amma inkişaf etmiş ölkələrdə fərqli mənzərədir. Əgər buna gedilsə, müasir texnologiya transfer ediləcək, vətəndaşlar daha keyfiyyətli elektrik enerjisi alacaq və səmərəliliyin artırılması üçün baza yaranacaq”.

Digər bir məqam kimi, V.Bayramov alternativ mənbələrdən istifadə edilməsinin vacibliyini bildirib:

“Yalnız Bakını və Abşeronu günəş və külək enerjisi ilə təmin etmək olar. Amma təəssüf ki, istifadə olunmur. Bu gün alternativ enerjinin ümumi enerjidə payına diqqət yetirilsə, cüzi rəqəm alınar. İlk növbədə bu istiqamətdə qanunvericilik təkmilləşdirilməlidir, yəni özəl sektorun alternativ enerjisinin istehsalında iştirakına və onlara güzəştin tətbiqinə ehtiyac var”.

(Meydan TV)