XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2018 - 21:09

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı –"BakuBus" Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindən çıxarıldı (FƏRMAN)

 

Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində: parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılmasını,Daxili İşlər Nazirliyi ilə birlikdə həmin xüsusi texniki vasitələrin Nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə inteqrasiya olunmasını təmin etməlidir. Eyni zamanda dayanma, durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada mühafizə edilən duracağa aparılması (bundan sonra – təxliyə) xidmətini təşkil etsin və təxliyə xidmətinin həyata keçirilməsinə nəzarət edəcək.

BNA  yeni yeraltı və yerüstü avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması ilə bağlı zəruri tədbirlər görməlidir. Bu Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası, həmçinin nəqliyyat axınının tənzimlənməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin Füzuli və Mirzağa Əliyev küçələri arasında və Neftçilər prospektində – Hökumət Evinin qarşısında yerləşən yeraltı avtomobil qarajları bir ay müddətində Bakı Nəqliyyat Agentliyinin balansına verilir.

Həmşinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.

Nazirlər Kabineti Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələbləri Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında hazırlayıb bir ay müddətində təsdiq edərək Prezidentə məlumat verəcək.

Bakı Nəqliyyat Agentliyinin təklifləri əsasında Bakı şəhərində yeni avtomobil duracaqlarının (qarajlarının), həmçinin mühafizə olunan duracaqların yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin duracaqların (qarajların) Agentlik tərəfindən tikilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təşkil edəcək.

Nazirlər Kabineti fərmanın 2-ci və 3-cü hissələri nəzərə alınmaqla, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan dövlət əmlakının Bakı Nəqliyyat Agentliyinin balansına verilməsini təmin etməlidir.