İyulun 11-də Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında «Tərəfdaşlıq prioritetləri» sənədinin paraflanma mərasimi olub.
Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini paraflayıblar. Bundan öncə isə Azərbaycan prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Donald Tusk ilə görüşüb.
Aİ bildirir ki, tərəfdaşlıq prioritetləri Aİ-Azərbaycan münasibətlərində irəliyə vacib addımdır. Bu prioritetlər çərçivəsində əməkdaşlığın dörd əsas sahəsi müəyyənləşdirilir:
Aİ bildirir ki, bu Tərəfdaşlıq Prioritetləri 2018-2020-ci illər ərzində tərəflərin maliyyə əməkdaşlığı üçün normativ baza rolunu oynayacaq.
O da vurğulanır ki, bu prioritetlər vasitəsilə Aİ və Azərbaycan ambisiyalı və hərətərəfli proqrama sadiqliklərini bir daha vurğulamış olurlar. Bu proqram Avropa Qonşuluq Siyasətinin dəyərlərini və prinsiplərini əks etdirir, buraya insan haqlarına, demokratiyaya və hüququn aliliyinə sayqı, vətəndaş cəmiyyəti ilə dialoq daxildir.
Hazırda tərəflər arasında yeni ikitərəfli razılaşma üzrə danışıqlar gedir. Aİ-nin bildirməsinə görə, Tərəfdaşlıq Prioritetlərinin yekunlaşması Aİ-Azərbaycan münasibətlərinin gücləndirilməsi niyyətini aydın ortaya qoyur. Məqsəd Azərbaycan xalqı və Avropa İttifaqından ötrü müsbət nəticələrə nail olmaqdır.
Tərəfdaşlıq Prioritetlərini Aİ və Azərbaycan rəsmən təsdiqləməli, daha sonra qəbul etməlidir.
Xatırladaq ki, AB-Azərbaycan münasibətləri 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə başlayıb.
Daha sonra münasibətlər əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində aparılıb. «Şərq Tərəfdaşlığı» Proqramına Aİ-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.
Ötən ilin noyabrında isə Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb.
Azərbaycanla belə danışıqlar ötən ilin fevralından başlayıb.
Ötən həftə Avropa Parlamenti Azərbaycanla həmin sazişin imzalanması üçün 8 şərt irəli sürüb. Həmin şərtlərdən birində deyilir ki, Azərbaycan – AB müzakirələri yekunlaşdırlmazdan öncə Azərbaycan siyasi məhbusların və vicdan məhbuslarının sərbəst buraxılmasını təmin etməlidir. Əks halda, Avropa Parlamenti sazişi ratifikasiya etməyəcək.
(Azadlıq radiosu)