XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 03:20

ABŞ-da Trampı tənqidə başladılar:"Amerikanı rüsvay etdi"

ABŞ siyasi xadimləri Prezident Donald Trampın Rusiya lideri Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında Moskvanın Amerika seçkilərinə müdaxiləsi barədə amerikalı kəşfiyyatçıların gəldiyi qənaəti müdafiə etməməsinə şok reaksiyalar verməkdədirlər.

Finlandiya paytaxtı Helsinkidə keçirilən mətbuat konfransında ABŞ lideri xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı 14 aydır ki, apardığı apardığı təhqiqatı “ölkəmiz üçün fəlakət” adlandırıb.

Vətəndə Trampın dediklərinə reaksiya sərt olub.

Adətən, Trampın tərəfdarı kimi tanınan Respublikaçı senator Lindzi Qraham Tvitter mesajında mətbuat konfransını “buraxılmış fürsət” kimi dəyərləndirib.

“Prezident Trampın cavabı Rusiya tərəfindən zəiflik əlaməti kimi qəbul ediləcək və həll etdiyindən daha çox problemlər yaradacaq,” – deyə o bildirib.

Veteran Respublikaçı Senator Con Makkeyn Trampın mətbuat konfransındakı çıxışını “rüsvayçılıq” adlandırıb.

“Prezident Trampın sadəlövhlüyü, eqoizmi, saxta ekvivalentliyi və avtokratlara olan simpatiyasının vurduğu ziyanı ölçmək çətindir,” – Senator Makkeyn bəyan edib.

Nümayəndələr Palatasının spikeri Paul Ryan ABŞ-la Rusiya arasında heç bir mənəvi ekvivalentliyin olmadığını və Kremlin ABŞ dəyərlərinə fundamental şəkildə zidd olduğunu vurğulayıb.

“Heç zaman ağlıma gəlməzdi ki, Amerika prezidenti Rusiya prezidenti ilə bir səhnədə dayanıb, Rusiya təcavüzünə görə Birləşmiş Ştatları qınayacaq,” – deyə digər Respublikaçı senator Ceff Fleyk bildirib.

Demokrat qanunvericilərin Trampın çıxışına reaksiyası eyni dərəcədə sərt olub.

Demokrat senator Çak Şumer Trampı “KQB-nin sözlərini Mərkəzi Kəşfiyyat Agentliyində (CIA) çalışan kişi və qadınların sözlərindən üstün” tutduğunu vurğulayıb.

Virciniyanı təmsil edən senator Mark Uorner baş verənləri Rusiyanın ABŞ demokratiyasına hücumu kimi qiymətləndirərək, Trampın ABŞ kəşfiyyatçılarına qahmar çıxmamasını “tam rüsvayçılıq” adlandırıb.

Senator Elizabet Uorren ABŞ prezidentini “beynəlxalq səhnədə Amerikanı biabır etməkdə, təsisatlara zərbə endirməkdə, müttəfiqlərlə münasibətləri zəiflətməkdə və diktatora qucaq açmaqda” günahlandırıb.

Amerikanın Səsi