XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 10:52

Bu gün Rəsulzadənin doğum günüdür

resulzadBu gün cümhuriyyətimizin banisi Məhəmməd Əmin Rəsulzadənin 132 yaşı tamam olur. 

Milli Şuranın sədri, professor Cəmil Həsənli Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin həyat yoluna qısa ekskursiya edib. Cəmil Həsənli “Facebook” səhifəsində yazır:

“Dostlar! Milli düşüncə sistemimizin baş memarı Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.Rəsulzadə milli ideyanın, milli dövlətçiliyin banisi olduğu kimi, milli dirilik konsepsiyasının da banisidir. Onun fikrincə “diriliklərin ən qiymətlisi milli dirilikdir”. Rəsulzadənin milli dirilik ideyası xalqın azadlıq amalına iman gətirməsindən keçirdi. İrtica illərində İran və Türkiyədə maraqlı siyasi təcrübə qazanmış Rəsulzadə 1913-cü ilin yızında Bakıya döndükdən sonra “Dirilik” məcmuələrində “Milli dirilik” silsilə yazılarını nəşr etdirdi və milli istiqlal məfkurəsini bütün tərəfləri ilə məhz bu silsilədə əsaslandırdı.

O, qeyd edir ki, dünyanın inkişaf etmiş millətləri öz milli azadlıqlarına qovuşmaq üçün ağır və üzücü bir yol keçiblər, cəhənnəm əzabı yaşayıblar.

Rəsulzadə ilk dəfə olaraq dirilik ideyasına Qərb-Şərq kontekstində yanaşmağın başlanğıcını qoydu. O, haqlı olaraq bu qənaətə gəlmişdi ki, avropalılar öz diriliklərini əldə etmək üçün böyük qurbanlar vermiş, dirilik üçün ölmüşlər. Bunun əksinə olaraq Şərqdə yalqız olmaq üçün dirilirlər, Qərbin diriliyi bu dünyanın gerçəkliyinə söykəndiyi halda, Şərqin diriliyi o dünyanın axirətinə söykənirdi.

Avropa milli diriliyə bu dünyada qovuşmaq üçün ölürdü, Şərqdə fərd diriliyinə axirətdə qovuşmaq üçün ölürdü. Qabaqcıl millətlər dirilik üçün öldükləri halda Şərqdə hələ ölmək üçün dirilirdilər. Məhz, bu düşüncəni dəyişmək lazım idi. Milli inkişafın çıxış nöqtəsini də Rəsulzadə məhz bunda görürdü. Onun fikrincə, milli vicdan ilə milli imanın milli dirilikdəki əməl və arzu üzərində qurulması milli idealı və ya milli məfkurəni formalaşdırırdı. Rəsulzadə “Milli dirilik”də belə bir həqiqəti ortaya qoydu ki, şəxsi maraqlar üzərində qurulan əməllər böyük ola bilməz.

Lakin bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, xalqı və milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yaxud məfkurəçi adını vermək olar. Rəsulzadənin fikrincə, böyük əməlpərvərlərdən məhrum olan millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının ayaqları altında tələf olub gedər.

Kimlərdir böyük əməlpərvərlər? Bu suala Rəsulzadə belə cavab verir: “Öz şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul olan, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər”.

Rəsulzadənin arzuladığı belə əməlpərvərlərə, şəxsi maraq və mənafeyini millətin maraqlarına təslim edən böyük əməl sahiblərinə bu gün Azərbaycan, sözün tam mənasında daha çox möhtacdır”.