XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 12:41

Rəsmi Bakı alman deputatın ölkəyə buraxılmamasının səbəbini açıqladı:"Onun adı “arzuolunmaz şəxslər” siyahısındadır"

“Almaniya Kansleri Angela Merkelin Bakıya səfəri zamanı onu müşayiət edəcək nümayəndə heyətinin tərkibində Bundestaqda təmsil olunan Albert Vayler adlı bir deputat vardı ki, həmin şəxs 2014 və 2016-cı illərdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmişdi və bu səfərə görə adı “arzuolunmaz şəxslər” siyahısına salınmışdı. Bəzi xarici media orqanlarında belə xəbər gedib ki, guya həmin deputatın adı indi “qara siyahıya” salınıb. Xeyr, bu, belə deyil. Siyahıya baxsaq, aydın olar ki, onun adı bir neçə ildir ki, “arzuolunmaz şəxslər” siyahısındadır”.

Strateq.az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev “Bild” nəşrinin Almaniya Kansleri Angela Merkeli müşayiət edəcək deputatlardan birinə Azərbaycana giriş qadağası qoyulması barədə xəbərini şərh edərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycanın narazılığı Almaniya parlamentinin müvafiq komitələri və Berlindəki səfirliyimiz tərəfindən dəfələrlə hətta yazılı şəkildə çatdırılıb: “Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Bilirik və əminik ki, alman mədəniyyətində qanunlara riayət olunması hakim xarakter daşıyır. Hər bir ölkənin ərazi bütövlüyünə, suverenliyinə, qayda-qanunlarına hörmət edilməlidir. Təəssüf edirik ki, Almaniya Bundestaqının üzvü öz statusundan istifadə edərək bir neçə dəfə işğal olunmuş Azərbaycan torpaqlarına qanunsuz səfər edib və ona görə də adı “arzuolunmaz şəxslər” siyahısına salınıb. Qanunun aliliyi prinsipi əsasında həmin deputatın Azərbaycana daxil olmasına icazə verilmir”.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın məsələdə mövqeyi konstruktiv xarakter daşıyır: “Təkrar üzrxahlıq məktubu olarsa və Azərbaycanın qanunlarına hörmət ifadə olunarsa, Azərbaycan hökuməti və xalqından üzr istənərsə, onun adının siyahıdan çıxarılması məsələsinə baxıla bilər. İndiki şəraitdə həmin şəxsin Azərbaycan ərazisinə daxil olması mümkün deyil. Hesab edirik ki, Almaniyadan olan tərəfdaşlarımız Azərbaycanın mövqeyinin haqlı olduğunu dərk edirlər və bunu başa düşürlər”.