XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 15:55

“Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda dollara tələbi yüksəldir” –İqtisadçıdan yeni proqnozlar

“Region ölkələrində valyutaların düşməsindən sonra qlobal valyuta bazarında da dəyişikliklər müşahidə olunur. Ankara “1 dollar 6 Türkiyə lirəsi” məzənnəsini qoruyub saxlamağa çalışsa da, bunun asan olmayacağı aydındır. Belə görünür ki, həm Ağ Evdə, həm də Ağ Sarayda fərqli əhval-ruhiyyə var”.

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-la Türkiyə arasındakı gərginlik artarsa, lirə yenidən təzyiqlə üzləşəcək:

“Rusiya rublu da yaxşı durumda deyil. Amma Kreml “rubla yenidən daha pis günləri yaşatmamaq” üçün mövcud iqtisadi və psixoloji alətlərdən faydalanmağa çalışır. Bununla belə, rublun başı üzərindən “qara buludlar”ın çəkildiyini söyləmək tezdir.

ABŞ Prezidentinin son tviti avroya yenidən nəfəs qazandırır. Donald Tramp Avropa və Çini öz valyutalarını bilərəkdən ucuzlaşdıraraq ixracatda üstünlük qazanmağa çalışdıqlarını deyərək Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması ilə bağlı siyasətini tənqid edib. Belə görünür ki, Tramp administrasiyası dolların səbət valyutalarına nisbətən möhkəmlənməsində hələ də maraqlı deyil. Trampın “ucuz dollar, böyük ixrac” yanaşması yenə də aktualdır. Ağ Ev bu siyasətini davam etdirərsə, o zaman avronun yenidən möhkəmlənməsi mümkündür”.

Vüqar Bayramov əlavə edib ki, qlobal və regional valyuta bazarındakı dəyişikliklər milli valyutamıza da psixoloji təsir göstərir:

“Lirənin ucuzlaşması və rublun büdrəməsi Azərbaycanda ötən həftə dollara tələbi yüksəltdi. Xarici valyutalara tələb nisbətən azalsa da, yenə də əvvəlki aylarla müqayisədə yüksəkdir. Öncədən proqnozlaşdırdığımız kimi, bu ayın sonunadək dollara tələb yüksək olaraq qalacaq. Belə görünür ki, Mərkəzi Bank sabit məzənnə kursunu davam etdirməyə çalışır.

Doğrudur, baş bankın mövqeyi manatın taleyini birbaşa həll edən faktordur. Bununla belə, Rusiyada rublun vəziyyəti Mərkəzi Bankın gələcək valyuta siyasətinə korrektələr gətirə bilər. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da, aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil.

Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, noyabrın ikinci yarısından başlayaraq ilin sonunda dollara tələbin yenidən yüksələcəyi gözlənilir”.