Rəsmi Vaşinqton Suriya prezidenti Əsədi təhdid edən bəyanat verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ Evin bəyanatında Əsəd ordusunun növbəti dəfə kimyəvi silaha əl ata biləcəyindən narahatlıq ifadə olunub.
Bəyanatda qeyd olunub ki, əgər Əsəd yenidən kimyəvi silah tətbiq edərsə, bu, cəzasız qalmayacaq: “ABŞ və müttəfiqləri buna qarşılıq olaraq, dərhal, sürətli və sərt cavab verəcək”.
Bəyanatda o da bildirilib ki, ABŞ Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminin İdlibə hücumunu diqqətlə izləyir: “Biz milyonlarla mülki insanın yaşadığı İdlibdəki vəziyyəti diqqətlə izləyirik. Prezident Trampın dediyi kimi, hər hansı bir hücum onsuz da faciəvi vəziyyət yaşanan İdlibdəki durumu daha da pisləşdirəcək. Açıq və təkrar deyirik, əgər Əsəd bu bölgədə kimyəvi silah tətbiq edərsə, bunun cavabını çox sərt alacaq. Bu məsələdə mövqeyimiz qətidir”.
Bəyanatın sonunda problemin həlli üçün tərəflər danışıqlara dəvət edilib.