Britaniya prokurorluğu “Skripal işi” üzrə şübhəlilərin adlarını açıqlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, prokurorluq Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın zəhərlənməsində Aleksandr Petrov və Ruslan Boşirovu şübhəli bilir.
Rusiya vətəndaşı olan hər iki şəxs qətldə yox, sui-qəsddə ittiham olunur. Çünki bu ilin martında Solsberi şəhərində “Noviçok”dan zəhərlənənlərin hər üçü – Sergey Skripal, qızı və Britaniyanın polis zabiti sağ qalıb.
“Reuter”in xəbərinə görə, Britaniya prokurorluğunun nümayəndəsi Syu Hemminq bildirib ki, London Petrov və Boşirovun ekstradisiyası üçün Moskvaya müraciət etməyəcək.
Çünki Rusiyanın öz vətəndaşlarını təhvil verməyəcəyini bilir. Bununla belə, hər iki şübhəlinin həbsinə Avropa orderi verilib.
İstintaqın qənaətinə görə, hər iki şəxs Britaniyaya martın 2-də rus pasportu ilə və başqa adla daxil olub. Əsas sübutlardan biri də onların Londonda qaldıqları oteldə “Noviçok”un izlərinin aşkarlanmasıdır.
Onlar Britaniyanı martın 4-də – Skripal və qızının zəhərlənməsindən sonra tərk ediblər.
Britaniya hökuməti adıçəkilən şəxslərin Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsinin olmasına şübhə etmir.
Rusiya tərəfi hələ ki məsələyə münasibət bildirməyib.
Strateq.az