“Səudiyyə Ərəbistanı Suriyaya hərbi müdaxilə edərsə, bu, Krallığın tabutuna vurulmuş son mismar olar”.
Strateq.az xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri korpusunun rəhbəri Məhəmməd Əli Cəfərideyib.
O, İranın rəsmi xəbər agentliklərinə verdiyi açıqlamada bildirib ki, belə bir təşəbbüs göstərərsə, Səudiyyə Ərəbistanı dünyanın siyasi xəritəsindən silinə bilər.
Qeyd edək ki, dünən Səudiyyə krallığının Müdafiə Nazirliyinin ikinci adamı general-mayor Əhməd Asiri “Əl-Ərəbiyyə” televiziyasına açıqlamasında beynəlxalq koalisiyanın tərkibində İŞİD-ə qarşı quru müharibəsinə başlamağa hazır olduğunu bildirmişdi. Ərəb generalının bu sözləri Pentaqon tərəfindən məmnuniyyətlə qarşılanmış və ABŞ müdafiə naziri Eşton Karter digər ölkələri də bu cür cəsarətli olmağa səsləmişdi. Karterin sözlərinə görə, gələn həftə Brusseldə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın üzvləri bu məsələni müzakirə edəcəklər.
ABŞ ordu rəhbərindən fərqli olaraq, iranlı general Səudiyyə Ərəbistanında belə bir cəsarətin olduğuna inanmır: “Səudiyyəlilər belə bir iddiada irəli sürüblər, amma məncə, onlarda bu cəsarət yoxdur”.
İran İnqilab Keşikçiləri Suriyada gedən vətəndaş müharibəsində Əsəd rejiminin tərəfində döyüşür.Suriya böhranı başlayandan bəri İranın döyüşlərdəki qurbanlarının sayının 8 general, onlarla yüksək rütbəli zabit olmaqla, 400-ü keçdiyi təxmin edilir.