XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2016 - 12:24

– ABŞ-da prezident seçkilərinin özəllikləriPop-korn qutusundan prezidentliyə

ABSH-da-Prezident-seckileriABŞ-da start götürən prezident seçkiləri marafonu bütün dünyanın diqqətini cəlb edib. Namizədlər, onların şəxsiyyəti, proqramları, açıqlamaları, seçki kampaniyasının ən kiçik detalları belə maraq dairəsindədir. Azərbaycanda da ABŞ-da prezident seçkiləri ilə bağlı hadisələri böyük maraqla izləyirlər. Bunu nəzərə alaraq Strateq.az dünyanın ən maraqla izlənilən seçkisini ətraflı işıqlandırma çalışır. Bu məqsədlə hazırda Fulbrayt proqramı ilə Amerikada təhsil alan Kənan Qasımov  Strateq.az  üçün  ABŞ-da  prezident seçkiləri ilə bağlı silsilə yazılar hazırlayacaq. Bu silsilədən ilk məqaləni təqdim edirik.

2016-cı il ABŞ prezidentliyinə seçki ilidir. Bu seçkilər yalnız ABŞ üçün deyil,  ümumilikdə bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, prezidentliyə namizədlər seçki platformalarını təqdim edərkən orada yalnız ölkə daxilində deyil, eyni zamanda, qlobal siyasəti əhatə edən mövzulara da yer verirlər və bəzən məhz xarici siyasət ilə bağlı məsələlərdə irəli sürdükləri proqram onların qələbə qazanıb-qazanmamasında həlledici məqama çevrilir.

Dünyanın ən prestijli və ən çətin işinə – ABŞ prezidentliyinə – seçim də olduqca uzun və belə demək mümkündürsə,  ağrılı prosesdir. Bu yola çıxmağa qərar verən şəxslər ən müxtəlif səviyyələrdə tənqidə, gözlənilməz hücumlara, hər şey yolunda gedərkən bir anda bütün üstünlüyün əldən verilməsinə hazır olmalıdırlar.

Siyasi quruluşuna görə unikal olan ölkə olan ABŞ-da seçkilər də,  dünyanın digər ölkələrindən xeyli fərqlənir. Tək ona görə yox ki, bir-başa seçicilərin səsləri yekun qalibin müəyyənləşməsində həlledici paya sahib deyil və qalibi daha çox səsvermədə iştirak edən şəxslərin seçdiyi təmsilçilər (delegates) müəyyən edir.  Həm də ona görə ki, bu ölkədə seçkilər hələ də tarixi ənənələrə sadiqlik nümayiş etdirilərək, belə demək mümkünsə, keçmişdə qəbul olunmuş, bəzi hallarda effektivliyi haqlı suallar doğuran qaydalara uyğun şəkildə həyata keçirilir. Məsələn, nümunə kimi seçki öncəsi hər iki partiyanın prezident seçkilərində iştirak edəcək namizədini müəyyənləşdirmək məqsədilə ayrı-ayrı ayrılıqda keçirilən praymeriz (primaries) və ya partiyaların qapalı iclaslarını (causcus) göstərmək olar. Məhz bu ilkin mərhələdən uğurla keçən namizədlər yekunda partiyaların prezident seçkilərində əsas namizədi olurlar.

Əslində, bu yazını yazmaqda məqsədim tamam başqadır. Yuxarıda verdiyim arayışı çoxsaylı mənbələrdən oxuyub öyrənmək mümkündür. Mənim üçün daha maraqlı olan məsələ ondan ibarətdir ki, müasir dünyanın ən çox pul xərclənən seçkisi olan ABŞ prezidentliyinə seçkilərin taleyinin əslində olduqca bəsit və hətta bəzi hallarda ibtidai vasitələrdən istifadə olunaraq həll olunmasıdır.

Necə? Ayova (Iowa) ştatında keçirilən son kokuslarda “caucus”-da respublikaçı seçicilər dəstəklədikləri namizədin adını adi bir kağız parçasına yazıb, onu porn-korn qutularına atmaqla namizədə dəstəklərini nümayiş etdirirdilər (daha doğrusu onları seçkilərdə təmsil edəcək təmsilçini müəyyən edirdilər). Demokratlar cəbhəsində də heç də hər şey yüksək texnoloji nailiyyətlər, müasir dünyanın “tələbləri” sırasında olan “şəffaf qutu”lardan istifadə olunmaqla vəya veb kameraların təchiz olunduğu seçki məntəqələrində keçirilmir. Partiya üzvləri adi bir zala və yaxud əvvəlcədən müəyyənləşdirilmiş toplantı yerinə gəlirlər. Dəstəklədiyi namizədin sırasında  durur. Daha sonra sırada duran insanlar bir-bir sayılar və  ümumi faiz əldə olunur.

Burada əsas məqam ondan ibarətdir ki, nə seçkilərə milyonlarla dollar vəsait xərcləyən namizədlər, nə onları maliyyələşdirən şəxslər və ya qurumlar, nə media, nədə ki,  adi vətəndaşlar bu formada keçirilən seçkilərdə səslərin sayılmasında hansısa formada saxtakarlığın ola biləcəyini fikrini yaxına buraxmır. Hətta deyərdim ki, bu barədə heç düşünmür. Niyə? Bunun səbəbləri çox ola bilər. Bu yazıda onun detallarına varmaq fikrində deyiləm və sadəcə Sizlərlə öz müşahidlərimi bölüşə bilərəm. Adi bir amerikalı üçün seçkilərin saxtalaşdırılması anlayışı o qədər uzaq və təsəvvüredilməzdir ki, hətta bununla bağlı başqa ölkələrin misalları çəkiləndə onu qəbul etməkdə, başa düşməkdə əziyyət çəkirlər.

İkinci bir məqam, heç bir namizədin hansısa formada seçkinin təşkili işini həyata keçirən qurumlara tam nəzarət etmək vəya onu təsir dairəsi altına salması faktiki olaraq mümkünsüzdür. Çünki vətəndaş cəmiyyəti və media kənar nəzarət funksiyasının öhdəsindən layiqincə gəlir.

Üçüncü bir məqam, əgər belə bir hal baş verərsə bunun heçdə namizədin xeyrinə olmayacağını hər kəs anlayır. Çox uzağa getmədən, elə bu il keçirilən seçkilərdən misal gətirmək olar. Ayovada ilkin seçkiləri lider kimi tamamlayan Ted Kruzun Nyu-Hempşirdə (New Hampshire) səs itirməsinə əsas səbəblərdən biri kimi, məhz onun komandasının bu ştatda digər bir namizədin (Ben Carson) guya seçkilərdən çəkilməsi ilə bağlı xəbər paylaşması və bununla da həmin namizədin səslərini almağa cəhd göstərməsi göstərilir.

Amerika seçicisi bu kimi məsələlərə qarşı çox həssasdır. Dördüncü məqam, seçicilər səs verərkən namizədlərin seçki dövründə və ondan əvvəl yol verdikləri “yalnışlıqları” nəzərə alırlar.Məsələn, Demokratların  namizədi olmaq üçün mübarizə aparan keçmiş dövlət katibi Hillari Klinton bir neçə ay bundan əvvəl qadınlar arasında yüksək dəstəyə malik idi.  Keçmiş məsləkdaşı Madlen Olbrayt onun təşviqat kampaniyasında, digər namizədi (Bernie Sanders) müdafiə edən qadınlar barədə tənqidi fikirlər səsləndirdikdən sonra, bu dəstək çox qısa bir zamanda xeyli dərəcədə azaldı. Yəni amerikalı seçici hətta başqa cəbhədə olsa belə seçicilərin düşüncəsinə görə tənqid olunmasını heç cür qəbul etmir. 

Seçkilər günü-gündən daha qızışır və hər iki partiyanın hansı namizədlə yekun seçkilərə gedəcəkləri barədə indidən yekun fikir yürütmək hələ ki, mümkün deyil.  Amma bir məsələ əvvəlcədən aydındır ki, seçkiləri daha əvvəlki kimi bəzi hallarda siyasi isteblşmentin müəyyənləşdirdiyi namizəd deyil, öz kampaniyasını daha ağıllı quran və bu yolda daha az səhvlərə yol verən namizəd qazanacaq.

Seçkinin taleyini kənar təsirlər deyil,  birbaşa olaraq namizədlərin apardığı kampaniyalar həll edəcək.

   kenan-3.jpg                                      

    Kənan Qasımov

Xüsusi olaraq Strateq.az üçün